Gürcüstanda yaşayıb-yaradan məşhur azərbaycanlı fotoqraf,
tanınmış foto-müxbir,
Gürcüstanın Əməkdar jurnalisti,
müharibə veteranı,
“Associated Press” agentliyinin foto-müxbiri
Şahvələd Eyvazovun fotolarından ibarət sərgi təşkil olunub.

Sərgi Veteranların İşi üzrə Dövlət Xidmətinin Gürcüstanın paytaxtı Tiflis şəhərində yeni istifadəyə verilən binasında açılıb.

ZiM.Az-ın Tiflisdəki xüsusi müxbiri xəbər verir ki, yeni binanın və foto-sərginin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Baş nazir Georgi KvirikaşviliGürcüstanda yaşayan veteranların dövlət qayğısı ilə tam əhatə olunduqlarını bildirib. Qeyd edib ki, veteranlar Gürcüstanın suverenliyi, dövlət müstəqilliyi uğrunda çox işlər görüblər və onlar heç vaxt diqqətdən kənarda qalmayacaqlar. Gürcüstan hökuməti veteranların sosial müdafiəsi ilə bağlı yeni proqram və layihələr hazırlayır. Belə bir binanın istifadəyə verilməsi hökumətin yeni layihələrinin tərkib hissəsidir.

Hökumət başçısı bildirib ki,yeni binada veteran jurnalistin fotosərgisinin açılışı veteranlara töhfədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşləri əks etdirən bu fotolar müharibə veteranlarına keçmişi xatırlatmaq üçün deyil, buraya gələcək insanlara bizim mübarizə əzmimizi əks etdirmək üçün sərgilənir.

Baş nazir veteranları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, Şahvələd Eyvazova təşəkkür edib, ona yaradıcılıq uğurları arzulayıb.

Veteranlarla İş üzrə Dövlət Xidmətinin rəhbəri, briqada generalı Vladimir İmnadze bildirib ki, Ş.Eyvazov özü şəxsən müharibənin ağrı-acısını yaşayan, o ağırlığı çiyinlərində daşıyan əsl vətənpərvərdir. Bu sərgidə onun 200-dən çox fotosu sərgilənir. Bu fotolarda müharibənin ağrı-acısı ilə yanaşı, gürcü xalqının suverenliyi və müstəqilliyi, torpaqlarımızın azadlığı uğurundakı mübarizəsi əks olunub. Fotojurnalist Ş.Eyvazovun lentə aldığı hər bir foto, bizə dövlətçiliyimizin, müstəqilliyimizin necə baha başa gəldiyi hissini yaşadır. O, Ş.Eyvazova minnətdarlıq edib və bildirib ki, fotolar ofisə hədiyyə edilib.

Şahvələd Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam. Lentə aldığım fotolara baxdıqca o anları yenidən yaşayıram. Gürcüstan hökuməti mənim əməyimi qiymətləndirərək bu sərgini təşkil etdi. Arzu edirəm ki, tarixi Vətənim olan Azərbaycan torpaqları işğaldan azad olunsun, belə bir sərgini Dağlıq Qarabağda açaq”.

Sərgiyə baxan Gürcüstanın müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər
Şahvələd Eyvazovu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından –
əziz və hörmətli soydaşımız, Gürcüstanın Əməkdar jurnalisti,
Aleksandr Roinişvili adına mükafatın laureatı, tanınmış fotoqraf, sözün əsl mənasında
DƏYƏRLİ ZİYALI, GÖZƏL SƏNƏTKAR və XEYİRXAH İNSAN – ŞAHVƏLƏD EYVAZOVu
bu yeni uğuru – yeni sərgisinin yüksək səviyyədə keçirilməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatında və sənət yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

http://zim.az/gurcustanqezeti/3412-grcstanda-yaayan-mhur-azrbaycanl-foto-mxbir-ahvld-eyvazovun-srgisi-alb.html#sel=1:1,1:9

Leave a Reply