11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günü münasibəti ilə Abşeron Milli Parkına fototur təşkil edilib. Azərbaycan Fotoqrafları Birliyinin üzvləri üçün təşkil edilən “Şahdili fotoyaddaşda” adlı tura peşəkar fotoqraflardan ibarət qrup qatılıb. Tur iştirakçılarına park haqqında və quşların miqrasiya mövsümü barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, ölkəmizdə 10 milli park və 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. 2005-ci ildə yaradılan Abşeron Milli Parkı da onlardan biridir və Bakının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Bu ərazi Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” kimi də tanınır. 783 hektar ərazisi olan Milli Parkın heyvanat aləmi çox zəngindir.
Sonra fotoqraflar sahilboyu ərazidə məskunlaşmış quşları müşahidə ediblər, flaminqoların və digər quşların görüntülərini fotokameralarının yaddaşlarına köçürüblər. Fototur Şahdili gəzintisi ilə başa çatıb.