Türkiyəli məşhur fotoqraf Hülya Akkaya Bakı Fotoqrafiya Evində fotosevərlərlə görüşüb.
Azəbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə baş tutan görüşdə O, “Adım qadın”, “Covid-19”, “İnsan, insan” və “Sos” adlı layihələrini təqdim edib. Hülya Akkaya bildirib ki, “Adım qadın” layihəsində qadınlara göstərilən şiddət, “Covid-19”-da pandemiya və onun dünyaya vurduğu zərər, “İnsan, insan”da rəsmlərin fotolara çevrilmiş versiyaları, “Sos”da isə dünyanı təhlükəyə atan ekoloji problemlər qabardılıb. Hülya Akkaya fotoların mənası və hekayələri barədə məlumat verməklə yanaşı, çəkiliş texnikaları barədə də təcrübələrini bölüşüb.
Daha sonra AFB-nin İdarə Heyətinin üzvü Vüqar İbadov sərt karantin dövründə, Vətən Müharibəsi zamanı və digər önəmli günlərdə çəkdiyi fotolardan ibarət təqdimatla çıxış edib.
Ardınca da AFB-nin Təftiş Komisiyasının üzvü, beynəlxalq dərəcəli fotoqraf Nadejda Cavad idmanın qılıncoynatma növünə, eləcə də uşaqların sevimlisi olan təlxəyin işinə və həyat tərzinə aid fotolardan ibarət slaydlar nümayiş etdirib.
Gənc fotoqraf İbrahim Niftullayevin də təqdimatından sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təqdim edilən fotolar ətrafında fikir mübadiləsi aparılıb.