Madrid, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə Madrid şəhərinin mərkəzində yerləşən “Ateneo de Madrid” sərgi zalında “Azərbaycan dünən və bugün” adlı fotosərgi keçirilib.
Sərgidə ispan ictimaiyyətinin təmsilçiləri, İspaniyadakı Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər. Keçirilən fotosərgi gün ərzində turistlər üçün də açıq olub.
Ümumilikdə 37 fotonun nümayiş etdirildiyi sərgidə, keçmiş sovet qoşunlarının ölkəmizə yeridilməsinin acı nəticələrini və dinc əhaliyə qarşı törədilmiş amansız cinayətləri, həmçinin bugünkü müasir Azərbaycanı özündə əks etdirən fotolar sərgilənib. 100-dən çox insanın iştirak etdiyi sərgidə, ümumilikdə nümayiş etdirilən fotolar, xüsusən də Qanlı Yanvar hadisələrinin dəhşətlərini əks etdirən materiallar qonaqların böyük marağına səbəb olub. Sərgi iştirakçılarına fərdi qaydada Azərbaycan haqqında, ölkəmizin azadlıq və demokratiya uğrunda keçdiyi çətin yol barədə, həmçinin 1990-cı il yanvar ayının 20-də Bakıda baş vermiş qanlı hadisələr haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir.
Sərgidə əsasən fotoqraf Məcid Əliyevin, Kamal Bağırlının, Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın və Azərbaycan Fotoqraflar Birliyinin üzvlərinin fotoları sərgilənib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Fotolar Azərbaycan Fotoqrafları Birliyinin arxivindən və Azər Tacın xronukasına məxsusudur.