İyun ayının 11-dən başlayaraq yalnız koronavirusa yoluxmuş xəstələri qəbul edən Mərkəzi Gömrük Hospitalının tibbi heyətinin fəaliyyəti gücləndirilmiş iş rejimində davam edir. Ən ağır xəstələr isə Hospitalın Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olaraq burada müalicə olunurlar. Hazırda burada xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur. Hospitalda həkimlər və onların rəhbərliyi altında tibb bacılarının və tibb qardaşlarının üzərinə ən böyük məsuliyyət düşür. İndi koronavirusla mübarizəyə qoşulan bu komandanın üzvləri yeni, daha gərgin iş rejiminə keçərək, evlərinə getmədən, ailələrinə baş çəkmədən gecə-gündüz iş başında, xəstələrin yanındadırlar. Həyatlarını belə təhlükə altına atan bu insanlar bir məqsədə, bir amala qulluq edirlər: nəyin bahasına olursa-olsun, virusa qalib gələrək yoluxmuş insanları həyata qaytarmaq. Fotolar Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində çəkilib. Şöbə rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqov, anestezioloq-reanimatoloqlar: Dr.Mehdi Əliyev, Dr.Könül Həsənova, Dr.Rəşad Nəsirli, Dr.Xəyal Məmmədov, Dr.Təranə Göyüşova, Dr.Sevda Quliyeva, nefroloq MirmənsimMəmmədov və şöbənin tibb bacıları və tibb qardaşları.
Fotolar: Famil Mahmudbəyli