Bakıda “Azərbaycanın qış gözəllikləri” adlı fotosərginin açılışı olub. “Sehrli qala” festivalı çərçivəsində baş tutan sərgidə Azərbaycan Fotoqrafları Birliyinin üzvləri Nadejda Cavad və Aydın Mediyevin də fotoları yer alıb. Çıxış edənlər bildiriblər ki, sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır. Layihənin ideyası da isti mövsüm mənzərələrini əks etdirən sərgiləri ziyarət edərkən yaranıb. Düşünülüb ki, həmin sərgilərdə qış mənzərələrinə aid fotoların yer alması daha maraqlı ola bilər. Bütün bu gözəlliklər diqqətdən yayınmayıb və geniş ictimaiyyətə təqdim olunub. Əsasən qışa və təbiətə aid fotoların nümayiş olunduğu sərgi yanvarın 11-dək İçərişəhərdə, Böyük Qala küçəsi 42 ünvanında yerləşən Bakı Fotoqrafiya Evində davam edəcək.