Bu gün tarixi yaddaşımız, milli sərvətimiz, keçmişimizin aynası olan xalçaların ən zəngin kolleksiyalarının qorunub saxlandığı qədim sənətin müasir məkanı – Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin ən çox ziyarət edilən aparıcı mədəniyyət ocaqlarından biridir. Sevindirici faktdır ki, hər il on minlərlə insan təkcə Azərbaycan deyil, dünya mədəni irsinin əvəzsiz sənət nümunələri sayılan unikal xalçaları görmək üçün buraya üz tutur. Amma onlar, əlbəttə ki, muzeyin ancaq tamaşaçılara açıq olan hissəsini gəzə, ekspozisiya və sərgi salonunda nümayiş etdirilən nadir eksponatları görə bilirlər.

Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Fotoqrafları Birliyi 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə maraqlı bir layihə həyata keçirdi. Birliyin üzvləri muzeyin qonaqlara bağlı olan Fond, həmçinin Konservasiya, bərpa və profilaktik nəzarət şöbələrinin sehrli qapılarını açaraq, maraqlı fotoreportaj hazırladılar. Onlar yarandığı gündən daim böyük maraq doğuran bu möhtəşəm muzeyin fondunda illərlə çalışan xəzinə mühafizəçilərini, daim arxa planda qalan qəhrəmanları həm çəkdilər, həm də danışdırdılar.

Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, Baş fond mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova:

Mən Xalça Muzeyində 1990-cı ilin dekabrında mühafiz vəzifəsinə təyin olunmuşam. Bu illər ərzində iki dəfə muzeyin əsas fondunun kolleksiyalarını tam şəkildə yeni binaya köçürmüşəm. Bilirsiniz ki, muzeyin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra, 1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürülüb. Və nəhayət 2014-cü ildən Prezidenti İlham Əliyevin Sərəncamına əsasən avstriyalı memar Frans Yansın layihəsi əsasında tikilən, muzey işinin ən müasir tələblərinə cavab verən yeni binada fəaliyyət göstərir.

Bu illər ərzində xalqımızın milli sərvətini etibarlı qorumaq üçün bütün gücümlə çalışmışam. Çünki işimi çox sevirəm. Ona görə bütün çətinliklərə, məsuliyyətin ağırlığına, saysız-hesabsız yuxusuz gecələrə baxmayaraq, ömrümün 35 ilini bu sahəyə həsr etməkdən bir gün belə peşmanlıq duymamışam.

Hazırda muzeyimizin kolleksiyasında 10 mindən artıq eksponat var və onların etibarlı şəkildə qorunması tarixi-mədəni miras kimi gələcək nəsillərə çatdırılması ən vacib məqamlardan biridir. Burada təhlükəsizlik və mühafizənin təşkili muzey sərvətləri və kolleksiyalarının uçotu və mühafizəsinə dair təlimata əsasən həyata keçirilir. Bina siqnalizasiya və müşahidə kameraları ilə tam təchiz olunub. Mühafizə işinə daxili təhlükəsizlik işçiləri və mühafizə polisinin əməkdaşları nəzarət edirlər. Yanğından mühafizə məqsədilə də mütəmadi təlimlər keçirilir. Hər kəs, o cümlədən Fond, Konservasiya, bərpa və proflaktik nəzarət şöbələrinin əməkdaşları eksponatların qorunmasını təmin edirlər. Muzeydə xüsusi diqqət göstərilən məsələlərdən biri saxlanc yerlərində temperatur və rütubət rejiminin lazımi səviyyədə saxlanılması, işıqlandırma və havalandırma sisteminin təlimata uyğun olmasıdır. Eyni zamanda, muzey baxıcıları ekspozisiyada nümayiş olunan əsərlərin qorunmasına, qonaqların muzey eksponatlarına toxunmamasına bilavasitə nəzarət edirlər. Yəni tam arxayınlıqla deyə bilərəm ki, Azərbaycan xalqının muzeyimizin kolleksiyalarındakı zəngin irsi əmin əllərdədir.

Xalça sektorunun müdiri, mühafiz Səbinə Qurbanova

20 ildən artıqdır ki, çalışdığım və ilk iş yerim olan bu doğma məkan mənim üçün əvəzolunmazdır. Hazırda “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları” kolleksiyalarının mühafiziyəm və məsuliyyətimdə 5000-dən çox eksponat var. Digər əməkdaşlardan fərqli olaraq, fond işçiləri yüz, hətta min illərlə yaşı olan eksponatlara birbaşa toxuna, onları araşdıra bilir, müxtəlif mənbələrdə onlarla bağlı məlumat axtarır, sanki “detektiv” rolunu oynayırlar. Bu, zamana səyahət etmək kimidir. Hər muzey əşyasının fərqli bir hekayəsi var. Onlar millətin, ailənin və ya fərdin tarixini danışır. Bizim işimizi maraqlı edən məhz belə məqamlardır.

Dekorativ-tətbiqi sənəti sektorunun müdiri, mühafiz Könül Ağayeva

Fondda hər bir eksponat fərdi yanaşma, xüsusi diqqət tələb edir. Hətta deyərdim ki, biz onları göz bəbəyi kimi qoruyuruq. Muzeyin ən zəngin kolleksiyalarından birinin mühafizi kimi işimin məsuliyyət yükü ağırdır, amma yenə də bu vəzifəni icra etdiyim üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. XIX-XX əsrlərə aid 1200-dən artıq dəyərli sənət nümunəsinin lazımi səviyyədə qorunması gələcək nəsillər üçün önəmli miras sayıla bilər. Bu kolleksiyanın ən qədim nümunəsi Naxçıvanın Xaraba Gilan ərazindən tapılmış XII-XIII əsrlərə aid kətan parça fraqmentidir.

Dekorativ-tətbiqi sənəti sektorunun elmi işçisi, mühafiz Həmidə Tağıyeva

Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik. Öz sərhədimizdə ayıq-sayıq, ehtiyatlı, cavabdehlik duyğusu ilə dayanmışıq. “Bədii metal”, həmçinin muzeyin ən qədim və qiymətli “Çini, şüşə, ağac, kağız” kolleksiyalarının fond mühafizi kimi xalqımızın məişət mədəniyyətinin və bədii təfəkkürünün təcəssümü olan 2000-dən artıq eksponatın məsuliyyətini daşıyıram. Hər dəfə saxlanc otaqlarına daxil olanda, xalq sənətkarlarının misdən hazırladığı incə, mürəkkəb naxışlı əşyaları, arxeoloji qazıntılar zamanı tapılmış, qədim sənətin mühüm mərhələlərini əks etdirən keramika məlumatlarını və s. görəndə işimə daha çox bağlanıram.

Konservasiya, bərpa və profilaktik nəzarət şöbəsinin müdiri Dilavər Kərimova

Sanki eksponatlar “xəstə”, biz isə onları müalicə edən, yaşadan, ömürlərini uzadan, zamanla qocalmasını ləngidən həkimlərik.

Eksponatı bərpa etmək onu ilkin vəziyyətinə qaytarmaq deməkdir. Bu zaman onun qədimliyi itir. Konservasiya isə əsərin zamanın, mühitin qaçılmaq mənfi təsirlərindən qorunması, dağılmasının, sökülməsinin və s. qarşısının alınması, olduğu vəziyyətdə saxlanmasıdır. Ona görə muzeyimizdə sənət nümunələri əsasən konservasiya edilir, ancaq çox ehtiyac olarsa, üzərində kiçik bərpa işəri aparılır. Əməkdaşlarımız hər bir əşyaya individual yanaşaraq işlərinin öhdəsindən böyük ustalıq və bacarıqla gəlirlər. Yeni alınmış eksponatlara baxış, əsərlərin ekspozisiyada, muzeydaxili və muzeydən kənarda keçirilən sərgilər üçün hazırlanması, qablaşdırılması işi də onlar tərəfindən layiqincə yerinə yetirilir.

Tariximizi əks etdirən eksponatların qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində əməyimizin olmasını bilmək bizə böyük qürur hissi verir.

Leave a Reply