“Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı oldu
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı keçirildi. Qeyd edək ki, Fotosərgi Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin çərçivəsində hazırlanıb.
Fotosərginin açılışında Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı II Vətən müharibəsi və ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verdikdən sonra Fotosərginin 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin bombardman edilməsini əks etdirən fotomaterialların erməni terrorizmini bir daha əks etdirdiyini bildirdi. N.Vəlixanlı sərgilənən fotoların həm müharibə zamanı, həm də müharibədən sonrakı vəziyyəti əks etdirən tarixi mənbə olduğunu xüsusi vurğuladı.
Daha sonra Muzeyin Ekspozisiya üzrə sərgilərin təşkili şöbəsinin müdiri t.ü.f.d., dosent Səbuhi Əhmədov çıxış edərək sərginin əhəmiyyəti barədə ətraflı məlumat verib. Sərginin kuratoru Səbuhi Əhmədov qeyd etdi ki, Fotosərgi iki hissədən ibarətdir. Birinci hissədə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdikləri fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbi-siyasi rəhbərliyi erməni ifrat millətçilərinin ən sevdiyi silaha – terrora əl atdı. Beləliklə, Ermənistanın terrorizmi dövlət siyasətinin bir ünsürünə çevirdiyi ölkə olduğu bir daha təsdiqləndi. Gəncə, Bərdə, Tərtər, Ağdam və başqa ərazilərdə erməni hərbi cinayətlərini fotolentə köçürən fotoqrafların işləri heç kimi biganə qoymayacaq. İkinci hissədə 44 günlük müharibə zamanı Azərbaycan fotoqrafları tərəfindən lentə alınmış fotoların bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir. S.Əhmədov onu da bildirdi ki, bir neçə fotoşəkillərin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik tərəfindən təqdim olunmuş raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da zənginləşdirir.
Sonda Muzeyin əməkdaşı, Azərbaycan Fotoqraflar Birliyinin sədri, tanınmış fotoqraf Mirnaib Həsənoğlu müharibə zamanı və müharibədən sonra lentə aldığı fotolar haqqında çıxış edərək öz təəssüratlarını qeyd etdi.
Qeyd edək ki, Fotosərgidə Elgün Gəncimsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən artıq fotoşəkil nümayiş olunur.
Tədbirin sonunda 44 günlük müharibə zamanı işğaldan azad edilmiş torpaqlarda olmuş, erməni terrorizmini öz gözləri ilə görüb, fotoapparatları ilə tarixə həkk etmiş fotoqraflar öz təəssüratları haqqında çıxış etdikdən sonra Muzey adından onlara Təşəkkürnamələr, Fotosərginin bukleti, Muzeyin nəşrləri hədiyyə olunub.
Qeyd edək ki, Fotosərgiyə baxış karantin qaydalarına riayyət olunaraq təşkil edildi, sərgiyə giriş pulsuzdur.
Fotolar Nurlan Tahirlinindir.