Peşəkar fotoqraf Şahvələd Əli oğlu Ayvazov 1956-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında xidmət edib. 1977-ci ildən Tbilisidə nəşr olunan “Sovet Gürcüstanı (indiki “Gürcüstan”) qəzetində fotomüxbir işləyib. 1983-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-1992-ci illərdə Gürcüstan Dövlət Teleqraf Agentliyinin (həm də SİTA-nın) fotomüxbiri olub. 1992-ci ildən indiyədək Amerikanın Assoşieyted Press xəbər agentliyinin (Associated Press) Qafqaz üzrə fotoqrafıdır. Əsərləri bir çox nüfuzlu nəşrlərin mükafatına layiq görülüb. Gürcüstanın əməkdar jurnalistidir.
…Əlbəttə, bu rəsmi məlumat peşəkar foto sənətçisi, fədakar vətəndaş, bənzərsiz insan barədə yalnız səthi təsəvvür yaradır. Fotoqraf peşəsinin cəlbedici olduğu qədər də təhlükəli (söhbət peşəkar fotoqraflardan gedir) olduğunu, sonsuz dözüm və səbir tələb elədiyini çoxları bilmir. Artıq əsərləri təkcə Gürcüstanda, Azərbaycanda, postsovet dövlətlərində yox, Avropa və Amerikada tanınan, dəyərləndirilən peşəkar foto ustası Şahvələd Ayvazovun timsalında bunu aydın görmək olar.
Şahvələdlə təxminən yaşıdıq, aramızda cəmi iki yaş fərq var, ilk fotolarını da az qala 35 il əvvəl “Sovet Gürcüstanı” qəzetinin səhifələrində görmüşəm. Elə onda fotoqraflıq Şahvələddən ötrü yalnız peşə deyildi, həm də özünü ifadə etmək, dünyaya, təbiətə, insanlara özünəxas münasibətini bildirmək üçün əvəzolunmaz sənət idi. Onun foto-reportajları, etüdləri, portretləri hədsiz ifadəliliyi ilə fərqlənir, həmişə oxucunun yaddaşına yazılırdı.
Tale elə gətirdi ki, 80-ci ilin ortalarında Şahvələdlə qəzetdə bir neçə il birgə işləməli olduq. Onda Şahvələd Ayvazov həm də Gürcinform-Sitanın fotomüxbiri idi, tez-tez Gürcüstanın rayonlarına ezamiyyətə gedir, onlarla bənzərsiz foto-kadrlarla qayıdırdı. O həmin illərdə artıq öz üslubunu formalaşdırmışdı, respublikanın müxtəlif mətbuat orqanlarında çap olunan fotolarını dərhal ayırd etmək, tanımaq olurdu. Xüsusilə Şahvələdin portretləri baxış bucağı, cizgilərin canlılığı, ifadəliliyi ilə seçilirdi.
Şahvələd Ayvazovun fotoları həmin illərdə artıq Sovet İttifaqının müxtəlif nəşrlərində də dərc edilirdi. Hətta məşhur “Sovetskoye foto” jurnalı saylarının birində əsas yeri onun yaradıcılığına həsr eləmişdi. Sonralar onun əsərləri Avropanın, Amerikanın müxtəlif foto-nəşrlərində və jurnallarında çap olundu, mükafatlara layiq görüldü.
Şahvələd Ayvazov sırf peşəkar olmaqla yanaşı, həm də insani duyğularla yaşayan sənətçidir. O, təkcə ətraf aləmdə baş verənləri yaddaşa köçürməklə qalmır, həm də həmin kadrlara öz yaşantılarını hopdurur. Bəlkə elə bu səbəbdən tamaşaçılar onun əsərlərində izahı çətin cazibədarlığı dərhal hiss edirlər.
O həyatın sözün əsl mənasında qaynar nöqtələrində olmağı özünə borc bilir.
1989-cu il aprelin 9-da Sovet Ordusu Tbilisidə qan tökəndə Şahəvələd Ayvazov hadisələrin mərkəzində idi, sonsuz kədərinə güc gəlib baş verənləri tarixin yaddaşına köçürürdü…
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həmin ordu Bakıya soxulandan bir neçə saat sonra o vəhşi aksiyanın nəticələrini lentə alırdı…
1992-ci ildən Amerikanın nüfuzlu “Assoşieyted Press” (AP) Agentliyinin Qafqaz üzrə xüsusi müxbiri, Qafqaz bürosunun rəhbəri kimi fəaliyyət dairəsi daha da genişləndi.
O, 1992-1994-cü illərdə müharibə meydanlarında olub, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində öz doğma yurd yuvalarından qovulmuş məcburi köçkünlərin həyatını əbədiləşdirib..
Dəfələrlə Şimali Qafqazda, Çeçenistanda, Dağıstanda olub, o bölgələrdə baş verən hadisələri lentə alıb…
Şahvələd Ayvazov dözümlülüyü, soyuqqanlılığı, təmkini sayəsində bir çox təhlükələrdən qurtulub. Hətta 2011-ci ildə peşə borcunu yerinə yetirən vaxt bir neçə həmkarı ilə birgə qısamüddətli həbs də yaşayıb…
Şahvələd Ayvazovun fotokamerasının obyektivi qarşısında sadə adamlar, döyüşçülər, qaçqınlar və köçkünlərlə yanaşı, Ümummilli liderimiz Heydər Əliyev, Eduard Şevardnadze, Mstislav Rostropoviç, papa II İohann Pavel kimi böyük şəxsiyyətlər dayanıblar…
Onun Tiflis, xüsusilə Şeytanbazar etüdlətini də, Borçalı mənzərələrini də, müharibə və təbii fəlakət zamanı lentə aldığı foto-reportajlarını da yüksək peşəkarlıq, incə duyum, özünəməxsus baxış bucağı fərqləndirir.
Şahvələd Ayvazov əsasən ağ-qara janrda işləməyi sevir. Sənətçinin ağ-qara fotoları təbiətin çalarlarını da, insanın yaşantılarını da tamaşaçıya heyrətamiz dəqiqliklə çatdırır. Son illərdə onun yaradıcılığında rəngli fotolara rast gəlsək də, o, ilkin prinsiplərindən əl çəkmək fikrində deyil. Xüsusilə müharibə mövzusundakı fotolarında rənglərdən istifadəni qəbul etmir. Onun fikrincə, müharibə həyatı və insanları rəngsizləşdirir, buna görə də müharibənin amansız simasını ağ-qara rənglər daha dəqiq ifadə edir.
Şahvələd Ayvazov foto sənətindəki uğurlarına görə, bu il Gürcüstan Mədəniyyət Nazirliyinin Aleksandr Roinaşvili adına Fəxri Mükafatına layiq görülüb. Bu münasibətlə may ayının 2-dən 12-dək Tbilisidəki Karvasla Muzeyində onun əsərlərinin sərgisi keçirilib. Uğurla keçən sərgi təkcə sənətçinin yox, bütövlükdə foto sənətinin bayramına çevrilib.
Arzu edərdik ki, respublikamızın Mədəniyyət və Turizm Nazirliyi də Bakıda görkəmli foto ustasının Azərbaycan, 20 Yanvar faciəsi, torpaqlarımızda gedən müharibə və onun nəticələri haqqında əsərlərinin sərgisini təşkil etsin.
Nəriman ƏBDÜLRƏHMANLI
http://aydinyol.az/newsview/22/Shahveled-Ayvazovun-ag-qara-dunyasi