15-16 mart 2025-ci il tarixlərində Bakı şəhərində, İçərişəhərdə yerləşən “Tarana’s Gallery and Cafe”də fotoqraf və kinorejissor Coşqun Süleymanovun fərdi sərgisi uğurla keçirildi.

Azərbaycan Fotoqrafları Birliyinin üzvü olan Coşqun Süleymanov sərgisində “Platonun Mağara Alegoriyası” konsepsiyasından ilhamlanaraq yaratdığı fotoşəkilləri təqdim etdi. Sərgi böyük maraqla qarşılandı və iştirakçılar müəllifin insan qavrayışı, reallıq və illüziya arasındakı əlaqələri sənət vasitəsilə necə təqdim etdiyini yaxından görmək imkanı əldə etdilər.

Bu, fotoqrafın beşinci fərdi sərgisi idi və onun əvvəllər iştirak etdiyi qrup sərgiləri, İspaniya və Türkiyə kimi ölkələrdə nümayiş etdirilən işləri, eləcə də “Qobustan” jurnalı və bir sıra nüfuzlu rəqəmsal nəşrlərdə yayımlanan əsərləri ilə yanaşı, yaradıcılığında mühüm mərhələ oldu. Sərgidə nümayiş olunan əsərlər müəllifin “küçə janrında ilin fotoqrafı” kimi tanınmasına səbəb olan işlərindən ibarət idi.

Coşqun Süleymanovun fotoşəkilləri AFB/Wonderzo Photo Magazine, F Stop Magazine, The Pictorial List, Photographic Meecadilo, Naahbox Magazine, Streetrepat, Progressive Street kimi beynəlxalq jurnallarda yayımlanıb və Bakı Beynəlxalq Film Festivallarında nümayiş etdirilib. O, eyni zamanda “Plastic Person” adlı qısametrajlı filmi ilə bir sıra beynəlxalq festivallarda iştirak etmək hüququ qazanıb.

Azərbaycan Fotoqrafları Birliyi sərginin təşkilində əməyi keçən hər kəsə, eləcə də sənətsevərlərə və media nümayəndələrinə iştiraklarına görə təşəkkür edir.

Leave a Reply