Latviyanın tanınmış incəsənət mərkəzlərindən sayılan “Riqa Art Nouveau” muzeyində Azərbaycanın bu ölkədəki səfirliyi, “Azərxalça” ASC və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) birgə təşkilatçılığı ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərgi açılıb.
Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov sərginin açılmasını ölkəmizin mədəniyyəti ilə daha da yaxından tanışlıq nöqteyi-nəzərindən əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, tədbir Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tarixinə təsadüf edir.
Tədbirdə “Riqa Art Nouveau” muzeyində Azərbaycan mədəniyyətinə dair ikinci sərginin keçirildiyi, nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə malik olduğu, Azərbaycan xalçaçılıq sənətinin və nar bayramının Latviyada böyük maraq doğurduğu, bu sərginin Azərbaycan irs nümunələrinin keçmiş və gələcək arasında uğurlu sintez yaratdığı, xalçaların ənənəvi və müasir yanaşmaları təcəssüm etdirdiyi və nar rəmzinin dərin mənaya malik olduğu qeyd edilib.
Tədbir iştirakçılarına “Bağçada meyvələr” kolleksiyası, “Azərxalça” ASC-nin fəaliyyəti və nar bayramı haqqında videoçarxlar təqdim olunub.
Həmçinin Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə Birliyin üzvlərindən Tural Cəfərovun, Fərqanə Qasımlının, Əhməd Muxtarın, Nigar Bağırovanın, Semyon Şalmeyevin, Mirnaib Həsənoğlunun nar mövzusuna dair fotolarından ibarət sərgisi təşkil edilib. Sərgidə AFB-nin təsisçisi Mirnaib Həsənoğlunun dəvəti ilə Latviya fotoqrafları da iştirak etmişlər.
Sərgi bir ay ərzində ictimaiyyət üçün açıq olacaq.