Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin üzvü Sücəddin Hüseynov Polşa Respublikasının Krakov şəhərində yerləşən Fotoqrafiya Muzeyini ziyarət edib. O, muzeyin bölmələrinin fəaliyyəti ilə yaxından tanış olub və muzeyin iş prinsipi barədə məlumat alıb.
Muzeyin özəlliyi ondan ibarətdir ki, burada eksponatlara toxunmaq, onların işləmə mexanizmini öyrənmək və hətta idarə etmək mümkündür. Bu interaktiv yanaşma muzeyə unikal bir cazibə qatır.
Sücəddin Hüseynov muzey əməkdaşlarına Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verib. Xüsusilə Azərbaycanda fəaliyyət göstərmiş Polşa memarlarının yaratdığı incəsənət nümunələrindən bəhs edib. Həmçinin, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) fəaliyyəti barədə ətraflı təqdimat keçirib. Muzey əməkdaşları bu məlumatları maraqla dinləyiblər.
Görüş zamanı AFB ilə Krakov Fotoqrafiya Muzeyi arasında gələcək əməkdaşlıq barədə ilkin razılaşma əldə olunub. Növbəti mərhələdə hər iki qurum arasında ikitərəfli sərgilərin təşkili və bu məqsədlə xüsusi memorandumun imzalanması üçün hazırlıq işlərinin aparılması planlaşdırılır.