Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq Qapı” günü tədbiri 2 Aprel 2017-ci ildə saat 13:00-da Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələləri üzrə sədr müavini Rauf Umudov açdı. İlk olaraq Tatarıstanın Kazan şəhərindən ölkəmizə təşrif buyurmuş həmvətənimiz fotoqraf Firuz Cəfərov foto sənəti haqqında öz fikir və təcrübələrini fotoqraflarla bölüşdü və foto portfoliosuna qısa baxış keçirildi.
Mart ayı üçün nəzərdə tutulmuş “Kölgələr” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədova idi.
Müsabiqənin kordinatoru Günel Məmmədova ilk öncə müsabiqə haqqında məlumat verdi. Belə ki, ümumilik də müsabiqəyə 12 nəfər həvəskar və peşəkar fotoqraf 40 foto ilə qatılmışdır. 17 foto müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməli, aylıq mövzuya və qeyd olunan texniki parametrlərə uyğun gəlməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 23 foto qəbul edildi. Fotolar ümumi açıq səsvermə yolu ilə seçildi. Səs çoxluğu ilə “Kölgələr” aylıq foto müsabiqəsinin qalibləri Arzu Mürvətova, Rəsul Rəhimov və Vüsalə Yunusova oldu. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundular. Müsabiqənin kordinatorluğuna görə Günel Məmmədovaya sertifikat təqdim olundu.
Tədbirin sonunda fotoqrafların foto sənətinə olan maraq və fikirləri haqqında ümumi müzakirələr oldu, gələn ay üçün yeni mövzülar hazırlanması tövsüyə olundu və xatirə fotosu çəkildi.
Bununla da, Mart ayı üçün nəzərdə tutulmuş “Açıq qapı” günü toplantısına yekun vuruldu.