Hüseyn Hüseynzadə : “Mən xoşbəxt insanam”

huseyn-huseynzad%c9%99-1…Bu ağ-qara dünyaya o, qışda gəlmişdir. Gözlərini açıb ağ möcüzə gördü. İlk kadrı ona həyat bəxş etdi  – bu, yumşaq və mehriban qar idi. Həm də belə qar Bakıda nadir qonaq idi. Yaşlı insanlar valideynlərinə dedi ki, bu yaxşı əlamətdir.

Daha bir ştrix : gələcək foto sənətkar yanvarın 11-i 1935-ci ildə anadan olmuşdur. Numerologiyaya əsasən, 1 rəqəmi vahidlik, başlanğıc, qüvvət bildirir.  Belə gündə anadan olan insanlar, bir qayda olaraq, lider olurlar. Həmişə birinci olmaq onların qismətidir. Doğum tarixində iki ədəd bir varsa, onda bütün bunlar ikiyə vurulur. Həyat dəfələrlə bu qədim müdrikliyi təstiq etmişdir və bu gün Hüseyn Hüseynzadə nəinki görkəmli sənətkardır, onun adı  Azərbaycan fotosənətinin brendidir.

Foto sənətində onun yolu “Vışka” qəzetindən başlamışdır, burada Hüseyn fotomüxbir kimi çalışırdı. Başlanğıcda reportaj çəkilişi təcrübəsi qazandı və bu təcrübə ona “Kommunist”, “Pionerskaya pravda”, “Komsomolskaya pravda” kimi nəhəng nəşriyyatlarla əməkdaşlıqda lazım oldu. Kompozisiyarın dəqiq qurulması, kadrı incə hissetmə, “anın gözəlliyini” tutmaq bacarığı  –  bu keyfiyyətlər onun işlərini fərqləndirirdi və onlara hadisələrin inikasında iştirak effekti verirdi.

huseyin-huseyinzade13-3.jpg

Hüseyn Hüseynzadənin “Neft çıxdı” və “Qazma ustası Faiq Əliyev” fotoşəkilləri “Yeddiillik fəaliyyətdə” ümumiffitaq sərgisində (1964) 1 -ci dərəcəli diplomla qiymətləndirilmişdi.

Hüseynə mətbuatda işləmək nə verdi? Çox şey. Hər şeydən əvvəl, reportyor təcrübəsi çəkiliş obyektini öyrənməyi, onu vahid şəkildə hörülmüş kadrlar seriyasında göstərməyi öyrətdi. Məsələn, “Bakıda qış” seriyası, “Xınalıq” və “Mal-qara bazarı” etnoqrafik seriyaları, “İlk dəfə birinci sinfə”, “Oğlun əsgərliyə yola salınması” sosial mövzuları. Klassik ağ-qara işlər seriyasından sonra Hüseyn rəngli fotoya keçir. Sözsüz ki yeni format da yeni mövzu istəyir.

huseyin-huseyinzade17-3.jpg

Sənətkar ölkənin tarixi, mədəni-etnoqrafik, sosial və iqtisadi görkəmi haqqında olan albomlar üzərində işləyir. “Neft Daşları”, “Azərbaycan fotoqrafiyalarda” albomlarında təbiət peyzajlarının memarlıq motivləri ilə vəhdəti təqdim olunmuşdur.

Bu prinsip “Quba” (Kiyev), “Dağlıq Qarabağ”, “Azərbaycan – uzunömürlülər diyarı” və “Naxçıvan” (Moskva, 1984) albomlarında davam etdirilmişdir.  H.Hüseynzadə yaradıcılığında xüsusi səhifə mədəniyyət və incəsənət abidələridir. “Qobustan” albomu bu abidənin elmi tədqiqatının nəticəsidir. “Azərbaycanın inşaat sənəti” kitabındakı illüstrasiyalar üçün, belə ifadə etmək mümkündürsə, “fotoqrafik dəqiqliklə” çoxlu sayda abidələr tətqiq olunmuşdur. Daha bir əhəmiyyətli layihə – Elmlər Akademiyasınınn Əlyazmalar Fondundakı miniatürlərlə iş. Tarix muzeyinin fondundan dekorativ tətbiqi sənətin 8 albomu – milli fotosənətdə yeni söz. Zərgərlik məmulatlarının, xalçaların, mis əşyaların və keramikanın, silah və geyimin  forma, faktura və rənglərini üzə çixarmaq üçün polixrom işıqla və fonlarla iş, onlarla slayd –  bütün bunlar  texniki sənətkarlıqdan, milli incəsənətin mahiyyətinin dərkindən xəbər verir.

ph-huseyin-huseyinzade04-3“Mənim dovşanım” kitabı isə uşaqlara hədiyyədir. Kitabın qəhrəmanı – fotoqrafın özü tərəfindən öyrədilmiş, şəhər mənzilində səhnəciklər oynayan dovşandır. Uşaqlar üçün saqqallı babanın onları çəkməsi, onlarla birlikdə oynayıb-gülməsi necə də əyləncəlidir!

Hüseyn Hüseynzadənin təşəbbüsü ilə milli foto tarixində ilk dəfə “Azərbaycanın kulinariya ensiklopediyası” yaradılmışdır. “Kulinariya fotoqrafiyalarda”, “Azərbaycan kulinariyası”, “Kabab və qəlyənaltılar”, “Plov və şərbətlər” kimi unikal albomların müəllifi olan Hüseyn Odlar Diyarı mətbəxini bütün dünyaya tanıtmışdır.

ph-huseyin-huseyinzade01-3Ünsiyyətcil xasiyyət sənətkara iş zamanı adətən  hiss olunan yadlıq sərhədini aşmağa kömək edir. Onun qəhrəmanları kameranı yox, özlərinə yaxın insanı görür. Beləcə rəssam öz şəkli qarşısında uşaqla dayanır, kəndli dostu ilə söhbət edir, məktəblilər – birinci sinfə gedənlər – hamısı böyük obrazlar qalereyasıdır.

Hüseyn bütün dünyanı görsə də, onun əsas diqqəti Azərbaycana yönəlmişdi. “Təkcə Vətəni çəkirəm, çünki onu daha yaxşı tanıyıram” – deyir. – Ölkədə azı 10 il yaşamaq lazımdır ki, onu başa düşəsən, duyasan və  mahiyyətini şəkillərdə ötürəsən”. Sənətkara illər lazım olmuşdur ki, həqiqəti sübut etsin : Odlar diyarının gözəlliyi həm bədii təsəvvürdə, həm də həqiqi gerçəklikdə mövcuddur. “Niva”nın sükanı arxasında Hüseyn ölkənin bütün qoruq guşələrini gəzmişdir. Onun obyektivinin yaddaşında dağlarda olan Xınalığın yamaclarına söykənmiş tikililər, qədim sənətkarlıq mərkəzi Lahıc, Naxçıvanın vadiləri, köhnə Bakının küçələri, Muğan düzünün geniş sahələri həkk olunmuşdur.

Hüseyn Hüseynzadə dünyanı obyektivin gözləri ilə görür. O, təbii şəraitdə çəkməyi sevir, kadrlarını əvvəlcədən görür. Hüseyn süjet axtarana kimi onlar ani olaraq  tərtib olunur. Daha bir istiqamət – insanların toxunulmamış fonda təbii haldakı portretləri. Hüseynzadə şəxsən tanıdığı görkəmli şəxslərin, eləcə də sadə insanların fotoportretlərini yaradır. Nəzərində tutmuş qəhrəmana nəzərə çarpmadan yaxınlaşır və söhbəti kəsmədən kameranı işə salır. Sənətkar çəkilişlərin metodu və texnikası haqqında danışmağı sevmir. “Bütün hiylə və fokuslar keçəcək, fotoqrafiyalar isə qalacaq. Fotoqrafiyaları kamera ilə yox, duyğularla etmək lazımdır”.

ph-huseyin-huseyinzade10-3

Professor Hüseynzadə 60-dan çox kitabın, o cümlədən “Kulinariya fotoqrafiyalarda”  adlı “ləzzət”li seriyanın müəllifidir. Onun fotoqrafiya sənətindəki uzun yolu layiqincə qiymətləndirilişdir – beynəlxalq müsabiqə premiyası  “Press Foto – 62”, Azərbaycan jurnlistlər İttifaqının  “Qızıl pero” diplomu (1967), Berlindəki “İnterpresfoto” sərgiləri premiyaları. Bu siyahını davam etdirmək olar. Bir çox sərgilərdə Hüseyn Hüseynzadənin peşəkar ustalığı qeyd edilmişdir.

Onun kadrları arxasına nə və kim var? Əlbəttə ki, zaman və müəllifin özü. Zəngin həyat və peşəkarlıq təcrübəsi ona obyektivdən Vətənin parlaq panoramasını görməyə, həmvətənlərinin həyatını ekrana verməyə imkan verirdi. Sənətkar üçün istənilən sərgi hesabatdır. Bir növ xalqın bədii şurasıdır. O əmindir ki, tamaşaçılardan çox  dəqiq və obyektiv olan münsiflər yoxdur. Və sonda oxuyucular üçün sürpriz, sənətkarın açıqlamaları.

“Bütün insanlar xoşbəxt anadan olurlar, lakin sonradan hamısı həyatda belə olmurlar. Mən xoşbəxtəm, çünki yarım əsrdən çoxdur ki, sevdiyim işlə məşğulam. O vaxtdan çox sular axmışdır,  sevimli Vətənimin odlu yerlərindən çox neft çıxarılmşdır. Şəhərin neft gücü bütün dünyaya məşhurlaşmışdı və valideynlərim arzulayırdı ki, mən neftçi olum. Uzaq 42-ci ildə mən ilk şəkillərimi çəkdim.  O vaxt müharibə gedirdi və neft mədənləri mənim fotoqrafiyalarımın ilk məktəbi və pleneri oldu. Hərçənd ki, elə də adi deyildilər, çünki köhnə apparat olan “Fotokor” ilə çəkirdim. Valideynlərimin istədiyi kimi, illər sonra neftkimya institutunu bitirdim. Ancaq tale elə gətirdi ki, əmək bioqrafiyamın əsas işi yenə də fotoqrafiya oldu. 1964-cü ildə nəşr olunmuş ilk kitab isə “Neft Daşları” adını aldı və Azərbaycanın dəniz neftçilərinə həsr olunmuşdur.

Şikayətlənmək mənim üçün günahdır – bir çox nəşriyyatlarda fotomüxbir işləyərək xeyli ölkələr və şəhərlər gəzmişəm, dağlarda olmuşam, doğma diyarın ən uzaq yerlərində olmuşam, sərgilərdə iştirak etmişəm, maraqlı insanlarla görüşüb, onlar vasitəsilə böyük fotoqrafiya sənətini  dərk etməyi öyrənmişəm!  Hərçənd bu günkü gündə 60 -dan çox albom və kitab nəşr olunub, amma mənə yenə də elə gəlir ki, ən yaxşı işlər hələ də öz zamanını və öz tamaşaçısını gözləyir. Çox inanmaq istəyirəm ki, fotopovestlər, fotohekayələr, fotoqrafiyalardakı nağıllar  – bütün bunlar tamamilə real və uzaq olmayan gələcəyin işləridir. Mənim şəkillərim  – həyatımın səhifələridir”.

Müəllif : Pənah Rüstəmzadə

Tərcümə : Günel Sultanova

Leave a Reply