Hədəfə 5-ci dəfə:
Asfalt Cəngavərlərinin evi yarışa hazırdır!
Bakı Şəhər Halqası bu həftə, Formula 1-in qayıdışı ərəfəsində hazırlıqlarını başa çatdırıb.
Dünyanın ən güclü pilotlarının Azərbaycana qayıtmasına sadəcə 1 gün qaldı. 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, bu həftəsonunda Bakıda keçiriləcək beşinci Formula 1 yarışından əvvəl bütün hazırlıqlar artıq başa çatıb. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi, bu səhər Formula 1-dəki ən sürətli şəhər trekinin yarışa hazırlığını təsdiqləməzdən əvvəl Bakı Şəhər Halqasına son dəfə baxış keçirdi.
Builki yarış davam edən koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək. Pandemiya həmçinin belə bir dünya miqyaslı idman tədbirinin keçirilməsi üçün tələb olunan işləri artırsa da, yarışa hazırlıq prosesini yavaşlada bilməyib.
Bakı Şəhər Halqasının hazırkı görüntüləri üçün buraya klikləyin
Həqiqətən, COVID-19 pandemiyası səbəbindən tətbiq olunan yeni sağlamlıq və təhlükəsizlik tədbirləri Formula 1-in ən coşğulu və gözlənilməz şəhər trekinin təşkilatçısı üçün hər zamankından daha çox çətinliyə səbəb olub.
Son 4 ayda 20 döngəli və 6 km-dən bir qədər çox uzunluğa malik Bakı Şəhər Halqasının 4-6 iyun tarixlərində baş tutacaq Formula 1 yarış həftəsonuna hazır vəziyyətə gətirilməsi peşəkar kadrlardan ibarət BŞH komandasının xüsusi səyi nəticəsində mümkün olub. Bundan əlavə, trek üzərində olan bütün tikililər əməliyyat şirkəti ilə Formula 1 işçilərinin, eləcə də komandalar, sürücülər və medianın təhlükəsiz şəraitdə iş apara bilməsi üçün müvafiq şərait qurulub.
Əməliyyat şirkəti bütün bunları nəzərə alaraq böyük qürurla elan edir ki, Bakı yarışa tam hazırdır!
Avtoidmanın zirvəsi sayılan Formula 1 yarışı bu həftəsonu 2 ildən sonra, çempionatın ən vacib mərhələsində Asfalt Cəngavərlərinin Evini yenidən alovlandıracaq. Ötən həftə Monakoda baş tutmuş yarışda Maks Ferstappen və komandası “Red Bull Racing” keçən ilin çempionu və mühəndislər kubokunun sahibi Luis Hemilton və komandası “Mercedes AMG Petronas” üzərində üstünlük qazandıqdan sonra çempionatdakı mübarizə daha rəqabətli müstəviyə keçib.
Formula 1-də çempionluq uğrunda uzun illər davam edən təcrübəli pilotlar ilə onların gənc davamçıları arasındakı ənənəvi mübarizədə Bakı yarışı yeni bir dönüş nöqtəsi ola biləcəkmi? Yoxsa gözlənilməzliyi ilə hər il azarkeşləri təəccübləndirməyə davam edən bu şəhər trekində digər Asfalt Cəngavərlərindən biri qalib olacaq?
Bakı Şəhər Halqasının hazırkı görüntüləri üçün buraya klikləyin
2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən indiyə qədər baş tutan bütün yarışlarda fərqli qalib çıxardan Bakı Şəhər Halqası qısa müddət ərzində möhtəşəm, dramatik və gözlənilməz yarışlar təqdim edərək azarkeş və pilotların sevimli trekinə çevrilib.
Azərbaycanda keçirilən Formula 1 yarışlarının 5-ci ildönümündə bu il biz yenə fərqli qalib görə biləcəyikmi? Bunu öyrənməyimizə sayılı günlər qalıb!
BŞH-nın icraçı direktoru Arif Rəhimov yarışla bağlı düşüncələrini belə ifadə edib: “Formula 1 ictimaiyyətini bu həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq. Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. Formula 1 bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət Formula 1 Azərbaycan Qran Prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!”
FIA rəsmisi Maykl Masi trekin yarışa hazırlığını belə qiymətləndirib: “Azərbaycana yenidən gəlməkdən və həmçinin Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam. Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı Şəhər Halqası yarış üçün əla vəziyyətdədir”.
2021 Formula 1 Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatı veb-səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com
Media üçün əlaqə:
Daha ətraflı məlumat üçün, əlaqə saxlayın: media@bakugp.az