Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırımı aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil.
Tədbirdə Zərəngiz Dəmirçibin “Cavab ver” poeması əsasında “Günay” Uşaq teatrı tərəfindən səhnələşdirilmiş “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub (rejissor Larisa Tarusova).
Xocalı faciəsinə həsr olunmuş “Xocalı yaddaşımız” adlı foto sərginin də açılışı olub. Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) foto arxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Foto sərginin kordinatoru Sücəddin Hüseynov idi.Fotoların müəllifləri: Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir. Bu sərgi AFB-nin “36 kadr” layihəsinin bir hissəsidir. Sərgilənən fotolarda faciə zamanı yaralananlar və həlak olanların fotolari nümayiş olunmuşdur.
Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Bakı şəhəri məktəblərin şagirdləri, fotoqraflar, muzey işçiləri iştirak ediblər.