Dekabrın 27-də Bakıda Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə komitənin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirdə gömrükçülərin mədəni fəaliyyətindən söz açıb. Bildirib ki, gömrükçülər gömrük fəaliyyətindən başqa, mədəniyyət sahəsində, irsimizin qorunmasına da xüsusi diqqət göstərir. Mədəniyyət və Turizm Nazirliyi bu tip tədbirlərin həyata keçirilməsində daim Gömrük Komitəsinə dəstək olur.
A.Əliyevin sözlərinə görə, Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, xarici ölkələrdə təşkil olunan fotosərgilərə də qatılıb. BP şirkətinin London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb. Bu gün sərgidə nümayiş etdirilən şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, eləcə də bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib. Fotolarda gömrük əməkdaşlarının fəaliyyətindən, onların quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumalarından, qaçaqmalçılığa qarşı mübarizə aparmalarından bəhs edilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Gömrük Komitəsinin 25 illiyinə həsr olunan silsilə tədbirlərin mədəniyyət tədbiri ilə başlaması xüsusi əhəmiyyət daşıyır. Bizim Dövlət Gömrük Komitəsi ilə birgə işçi qrupumuz var. Çalışırıq ki, ölkədən vacib olan dəyərli, tarixi əşyaların qanunsuz çıxarılmasına qarşı birgə mübarizə aparaq. Ölkəyə gələn turistlərin Azərbaycanın irsinə aid suvenirləri gömrükdən asan keçirməsinə, ölkəmizin mədəniyyətinə aid əşyaların ölkədən kənar hüdudlarda xalqımızı təmsilinə, turist axınına şərait yaratdılmasına çalışırıq.
Ə.Qarayev qeyd edib ki, gömrükçülərin keçirdiyi mədəniyyət tədbirləri, gömrük muzeyinin yaradılması və sair Dövlət Gömrük Komitəsinin Azərbaycan xalqının mədəni irsinə verdiyi dəyərdir. Daha sonra nazir Ə.Qarayev gömrükçü və həvəskar fotoqraf Aydın Mehdiyevə “Fəxri mədəniyyət işçisi” medalını təqdim edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə keçirilən fotosərgidə Aydın Mehdiyevin 120 fotosu nümayiş olunur. “İlin fotoqrafı-2012” -də fotoqrafiya verdiyi şəxsi dəstəyə fəxri diploma layiq görülən Aydın Mehdiyev həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub, həmçinin Sankt-Peterburq şəhərindəki B.N.Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerə layiq görülüb. 18 ildən artıq gömrük orqanlarında xidmət edən Aydın Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan Aydın Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifidir.
“Gömrükçü həyatı” fotosərgisi dekabrın 30-dək davam edəcək.Bakı, 27 dekabr, Elvin Camalov, AZƏRTAC