Azərbaycan mədəniyyətinin dirçəldiyi və tarixi yurd yerlərimizin yenidən bərpa olunduğu bu dövrdə Qarabağda mühüm bir mədəni hadisə baş verdi. Laçın şəhərinin mərkəzində, Heydər Əliyev küçəsində yerləşən yeni və modern incəsənət məkanı – “Yurd Gallery” qapılarını geniş ictimaiyyətin üzünə açdı. Bu qalereya Azad Qarabağ ərazisində fəaliyyətə başlayan ilk peşəkar incəsənət qalereyası kimi tarixə düşdü.
“Yurd” yalnız bir sərgi məkanı deyil, həm də bərpa olunmuş torpaqlarımızda mədəniyyətin, yaradıcılığın və sənətin simvoluna çevrilmək iddiasındadır. Adından da göründüyü kimi, bu qalereya həm doğma yurda qayıdışı, həm də milli-mədəni kimliyimizin bu torpaqlarda yenidən cücərməsini ifadə edir.
İlk sərgi – Laçınlı sənətkarın baxış bucağından
Qalereyanın açılış sərgisi də məhz bu ideyaya uyğun təşkil olunmuşdur. İlk sərgidə əslən Laçın rayonundan olan tanınmış fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvü – Vüqar İbadovun əsərləri nümayiş etdirildi. Onun təqdim etdiyi fotoşəkillər təkcə sənət əsəri kimi yox, həm də Qarabağın ruhunu əks etdirən vizual sənəd kimi diqqət çəkdi. Fotoqrafın obyektivindən süzülən kadrlar təbiətlə insanın, keçmişlə bu günün arasında qurulmuş körpünü simvolizə edir.
Laçın – sənətə qovuşan yurd
Laçın rayonu strateji mövqeyi və təbii gözəllikləri ilə seçilən, Azərbaycanın ən füsunkar bölgələrindən biridir. Qarabağda mədəni dirçəliş prosesinin bir parçası kimi “Yurd Gallery” həm yerli əhalinin, həm də bölgəyə səfər edən turistlərin diqqət mərkəzində olacaq.
“Yurd Gallery”nin fəaliyyətə başlaması, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin və sənətin dirçəlməsinin simvolik başlanğıcıdır. Bu təşəbbüs təkcə bir sərgi salonunun açılışı deyil, həm də milli yaddaşın, sənət irsinin və bədii düşüncənin azad Qarabağ torpağında yenidən yaşadılmasının bariz nümunəsidir.
,