Yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kinosunun fədakar veteranı, fotoqraf-rəssam, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin 80 illik yubileyi qeyd ediləcək.
Beynəlxalq Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azərinin AZƏRTAC-a verdiyi məlumata görə, yubiley gecəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşacaq.
Yubilyarın iştirakı ilə keçiriləcək tədbirdə sənət dostları tanınmış kino xadimləri çıxış edəcəklər. Tanınmış incəsənət ustalarının ifasında Azərbaycan kinofilmlərindən musiqilər təqdim olunacaq.
Azərbaycan kinosunun “qızıl dövrü”nün şahidi və iştirakçısı olan sənətkarın üç dəfə sərgisi təşkil edilib. O, “Azərbaycanfilm”in, Dövlət Film Fondunun, Naxçıvan Muxtar Respublikası Film Fondunun foyesinin tərtib edilməsində yaxından iştirak edib. Bu gün Dövlət Film Fondunda keçirilən bütün yubiley tədbirlərində fotostendlərin hazırlanmasında onun çəkdiyi fotoşəkillərdən istifadə edilir. Lentə aldığı fotolar kinoya həsr olunmuş kitab və jurnallarda, kataloqlarda, “Kino ensiklopediyası”nda geniş yer alır. Pərviz müəllim indi də filmlərlə bağlı fotolar üçün müraciət edənlərə bacardığı qədər kömək edir
Qeyd edək ki, Pərviz Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olub. 1961-ci ildən etibarən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında laborant, daha sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb. 1967-ci ildən kinostudiyada foto sexinə rəhbərlik edib. Dəfələrlə keçmiş SSRİ məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub. Müxtəlif kinorejissorların çəkdiyi 50-dən artıq bədii, sənədli, elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib. Bu gün Azərbaycan Dövlət Film Fondunun fotoarxivinin əsas hissəsini fotoqrafın işləri təşkil edir. Kinostudiyanın arxivində qorunan “Bakının işıqları”, “Kəndlilər”, “Sevil”, “26-lar”, “Gilan qızı”, “Hacı Qara”, “Arşın mal alan”, “Fətəli xan” və digər filmlərin neqativlərini də fonda Pərviz Quliyev təhvil verib.