“20 Yanvar” stansiyasında 30 il əvvəlin hüzn və şərəf dolu bir tarixi xatırlanacaq
Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi, həmin gecə fədakarlıqlar göstərmiş Bakı metropoliteninin kollektivi üçün də böyük əhəmiyyət kəsb edir, faciənin qurbanları hər il dərin hüzn və ehtiramla yad edilir.
Yanvar ayının 17-də saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlayacaq.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət foto-sərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək.
Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək. Tamaşaçılar Fərid Əşrəfoğlu, Asim Talıb, Ağəli Məmmədov, Rafiq Nağıyev,Mirnaib Həsənoğlu, Malik Şərifov,Tahir Cəfərov, Oleq Litvinin fotolarında faciəni görəcəklər .
Sərgidə həmin dövrdə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı Ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək. Bundan savayı, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də “Nərimanov” elektrik deposunda çalışır.
Ümumən illər ötəndən sonra o tarixi bizə yaxınlaşdıran əsərlər metro sərnişinlərini biganə qoymayacaq və qazanılan azadlığın dəyərinin bir daha əyani nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sərgi 4 gün davam edəcək.