23 dekabr 2017-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı, “ASAN xidmət”, YARAT Müasir İncəsənət Mərkəzinin və “ASAN radio” dəstəyi, Emin Əlizadənin təşəbbüsü ilə 2017-ci il 21 oktyabr tarixindən 2 ay müddətində keçirilən “FotoMən” layihəsinin bağlanış mərasimi keçirilib.
16 görüşdən ibarət olan layihənin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə peşəkarlar tərəfindən maarifləndirilməsidir. Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı qrup şəklində studio çəkilişlərində iştirak edib, qrup işlərini və ev tapşırığını yerinə yetiriblər və sonda bağlanış mərasimi keçirilərək iştirakçıların çəkdiyi şəkillərin foto sərgisi keçirilib.
Kursda peşəkar təlimçilər Orxan Aslanov, Rüfət Abas, Xalid Zeynalov, Raj Steven, Fəxriyyə Məmmədova, Vüqar İbadov və başqaları öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Qeyd edək ki, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi bu günə qədər vətənpərvərlik, təhsil, ekologiya, sosial, səhiyyə, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 200-dən çox yerli və beynəlxalq layihə icra edərək 15000-dən çox gənci əhatə edib.