Bu gün – 2018-ci il iyunun 28-də Vətəndən uzaqlarda, 18 il mütəmadi gedib-gələndən sonra mənə Bakı qədər doğmalaşmış Strasburqda səhər saatlarında saytları, sosial şəbəkəni “vərələyərkən” ani olaraq gözlərim tanış bir simanı tutdu və sevindim.
İndiki şəkli deyidi, cavanlıq fotosu idi.
Həmişəki kimi şux, gümrah, çöhrəsi işıqlı, həmişəki kimi təpədən-dırnağa silahlı – fotoaparatın biri əlində, biri boynundan, biri çiynindən asılı!
Heç bu fotonun böyür-başındakı müşaiyət yazılarını oxumadan tez-tələsik köçürüb atdım kompüterimin – bilgisayarımın hər an göz qabağında olan işçi lövhəsinə.
Və təzədən internetdə rastıma çıxmış o səhifəyə nəzər yetirib əziz dostumun gənclik şəklinin nə münasibətlə burada yerləşdirilməsi ilə maraqlananda son dərəcə məyus oldum.
Əziz Yaşarı itirmişdik…
Azərbaycan fotoqraflarının ağsaqqallarından, fotojurnalistikamızın patriarxlarından olan Yaşar Xəlilov vəfat edibmiş…
Az qala bütün ömrü uzunu – ilk yeniyetməlik illərindən başlayaraq fotoaparat əlindən düşməyən, yarım əsrdən artıq müddətdə peşəkar fotoqraf kimi həyatın anlarını, ömür qırpımlarını tutub saxlayan, şəkilləşdirən, əbədiləşdirən, tarixləşdirən Yaşar Xəlilovu əcəl bir an içində əlimizdən almışdı.
Elə bir neçə gün əvvəl Bakıda onun söhbətini edirdik.
Görkəmli diplomatımız, milli mədəniyyətimiz və tariximizin canıyanan təəssübkeşi, son illəri Moskvada yaşayan Ramiz Abutalıbov zəng vurmuşdu ki, bir neçə həftəliyə Bakıya gəlmişəm.
Görüşdük və axşamlardan birində şam edirdik, söz hərlənib-fırlanıb 1995-ci ilin martındakı Fransa səfərimizin üstünə gəlib çıxdı.
O vaxt Fransa prezident seçkiləri ərəfəsində idi, Parisdə bu münasibətlə keçirilən tərəfdarlar yığmaq tədbirlərindən birini ozamankı baş nazir təşkil etmişdi. Müxtəlif ölkələrin baş nazirləri, bir sıra məşhur ictimai-siyasi xadimlər dəvət edilmişdi.
Unudulmaz Heydər Əliyev həmin tədbirə Azərbaycan adından Xarici İşlər Naziri Həsən Həsənovun getməyini məsləhət bilmişdi.
Ramiz Abutalob o zaman Xarici İşlər Nazirliyimizdə xüsusi tapşırıqlar üzrə səfir idi.
Nazir Həsən Həsənov bu səfərin təfərrüatlarını işıqlandırmaq üçün özü ilə məni, “Bakinski raboçi”dən İbrahim Şükürovu və məşhur fotorepartyor Yaşar Xəlilovu götürmüşdü.
Həmin qısa səfəri Ramiz müəllim bizimçün yetərincə dolu etməyə müvəffəq oldu.
O, Parisdə özünü suda balıq kimi hiss edirdi.
Zəngin UNESCO təcrübəsi, köhnə mühacirətçilərin təxminən hamısını yaxşı tanıması (həm də yalnız Azərbaycan mühacirətinin deyil, rus və digər xalqların da tanınmış mühacirləri ilə mütəmadi əlaqələrinin varlığı), Parisdə torpağa tapşırılmış məşhur soydaşlarımızın hər birinin məzarının harada olmağından xəbərdarlığı, həm də gözəllər gözəli Parisi küçə-küçə, bina-bina yaxşı tanıması bizə imkan vermişdi ki, 3-4 gün ərzində onun bələdçiliyi ilə, yalan olmasın, belə qabil müşayətçisiz heç 1 aya görmədiklərimizi göz yaddaşımıza yazaq.
Həmin 1995-ci il səfərimizin hafizədən silinməyən təəssüratlarını yada salmışdıq və Ramiz müəllim qəfilcə Yaşarı soruşmuşdu.
“Sağ-salamatdır”, – demişdim.
“Elə 2-3 gün qabaq şəhərdə, işə çatarkən, Nizami muzeyinin yanında rastlaşdım onunla. 84-ü keçib, 85-in içindfdir. Ancaq maşallah ,yaşına görə kifayət qədər qıvraqdır”.
O gün Yaşar müəllimlə rastalaşmışkən elə yadigar şəkil də çəkdirdik.
Yoldan ötən gənclərdən birinə telefonumu verib xahiş etdim, o da ricamızı candərdi deyil, xeyli həvəslə yerinə yetirdiyindən, sadəcə düyməni basmayıb yaxşı kadr alınması üçün çalışdığından demişdim ki, dostum, biləsiniz, siz bu dəqiqə tarixi iş görürsünüz. Ömrü boyu başqalarının şəklini çəkmiş, Azərbaycanın ən məşhur foqtoqraflarından birinin şfotosunun müəllifi siz olursunuz.
Telefonumda həmin kadrları tapıb Ramiz müəllimə də göstərmişdim ki, köhnə dostumuz Yaşar Xəlilovun canının hələ yetərincə sulu olmasını əyani şəkildə görsün.
Bunu da söyləmişdim ki, iyunun son həftəsində Strasburqa gedim-gəlim, iyulun ilk günlərində Yaşar müəllimi də dəvət edib axşamlardan birində oturarıq.
Qismət deyilmiş!..
Ramiz müəllimlə təbii ki, görüşəcəyik, amma Yaşarsız.
Həmin axşam Yaşar artıq haqqındakı ürəyimizdə, yadddaşımızda həmişəlik qalacaq xatirələriylə bizimlə olacaq!
…Yaşar müəllim mənimlə mən birinci dəfə tələbə ikən, 1972-ci ildə tanış olmuşdum.
Yay imtahan sessiyasını yenicə başa vurmuşduq.
Elə Universitetə daxil olduğum ilk aylardan o zamanlar çox məşhur olan “Bakı” axşam qəzetiylə əməkdaşlığa başlamışdım.
Növbəti yazı tapşırığı almaq üçün redaksiyaya gəlmişdim.
Şəhər xəbərləri şöbsəsinin müdiri Çingiz Hacıyev dedi ki, Nabranda yaxşı bir turizm tədbiri keçiriləcək.
Azneft meydanından min 1 nömrəli trolleybusa, get Bayıl dairəsinəcən.Üzbəüzdə böyük park var. Orda Azər Dünyamalıyevi soruş, Bakı Turizm idarəsinin rəhbəridir.
Getdim, görüşdük və elə həmin axşam da avtobusla Nabrana yola düşdük.
Yaşar Xəlilovun o vaxtacan “Neftçi”nin oyunlarından çəkdiyi cazibədar fotoları görmüşdüm, özü ilə ilk dəfə burda görüşüb-tanış oldum.
Tədbir həqiqətən son dərəcə maraqlı idi. “Atam, anam və mən” adlı bu turist idman yarışmasında özümüzünkülərlə yanaşı Sovet İttifaqının müxtəlif şəhərlərindən gəlmiş çoxlu ailə iştirak edirdi.
Bir neçə gün sonra “Bakı” qəzetində dərc edilən “Meşənin dənizlə qovuşduğu” yerdə adlı məqaləm foto ilə verilmişdi.
Yaşar Xəlilovun çəkdiyi şəkillə.
Beləcə, əməkdaşlığımız və dostluğumuz başlandı.
Baxmayaraq ki, aramızda böyük yaş fərqi vardı, Yaşar müəllim səmimiyyəti, mehribanlığı ilə ünsiyyətimizdə maneəyə çevrilə biləcək bu məsafəni ilk təmas dəqiqələrindən yox etməyi bacarmışdı.
İndi 1972-ci ildən 46 il keçir.
Bu illər ərzində həyatımın ən doğma, ən əziz adamlarının demək olar ki, əksərini itirmişəm.
Yaşar Xəlilov mənimçün həm də ömrümün o qayıtmaz illərinin canlı bir parçası demək idi.
Ona görə bu ayrılıq qəlbimi ikiqat sıyırır!..
Son görüşümüzdə də səhhətindən ciddi gileylənməmişdi. Bircə son vaxtlar qan təzyiqinin ara-sıra onu narahat etməsini söyləmişdi.
Təsəlli vermişdim ki, yəqin bu, tez-tez dəyişən havalarla bağlıdır…
…Azərbaycan milli foto sənətinin tarixində Yaşar Xəlilovun adı ayrıca bir mərhələdir.
Foto tariximiz yazılarkən onun müstəsna əməklərinin üstündən heç vaxt sükutla keçilməyəcək.
Çünki Yaşarın əsərlərində də sükut yoxdur.
Ondan bizə yadigar qalan istənilən fotonu götürün.
Hamısında xüsusi bir dinamika, sürət, qaynayan həyat, canatma var.
Yaşar fotoqraflığını idman fotorepartyoru kimi baçlamışdı.
İdmanı həyatının axırınacan da qəlbən sevdi, gəncliyindən ta fəal sənətdə olduğu axır illərəcən idman istiqaməti yaradıcılığında sabit yerini qorudu.
Təsadüfi deyildi ki, ona sovet dövründə hər idman jurnalisti və fotorafına nəsib olmayan bir nadir rekorda imza atmaq da nəsib olmuşdu.
Yaşar Sovet İttifaqı Teleqraf Agentliyinin müxbir qrupunun tərkibində 5 Olimpiya Oyunlarında – Münxen, Monreal, Moskva, Los-Anceles və Seul olimpiadalarında çəkilişlər aparmışdı, hər biri ilə fəxr etdiyi bir-birindən dəyərli fotolar qalereyası yarada bilmişdi.
Yaşar Xəlilovu 1950-1980-ci illərin məşhurAzərbaycan fotoqraflarının əksərindən seçdirən başlıca məziyyətlərdən biri onun universallığı idi.
O həm uşaqları çəkirdi, həm ən ali siyasi tədbirləri, həm idman yarışlarını, həm ədəbi, mədəni, elmi həyatın seçilmişlərini.
Əlbəttə, Azərbaycanın baş teleqraf agentliyinin fotomüxbiri olması bir tərəfdən elə universal olmağı tələb edirdi. Lakin onunla yanaşı başqaları da vardı axı! Yaşar onların hamısından seçilirdi.
Yəni Heydər Əliyev kimi dövlətçilik nəhəngi, fotonu sevən və bilən, hər kadrı həssaslıqla duyan, ifrat dərəcədə tələbkar bir şəxsiyyət Yaşar Xəlilovu bəyənirdisə, ölkə daxilində və xarici səfərlərdə onu öz yanında görməyi arzulayırdısa, bu qiymətdir, göstəricidir.
Yeni müstəqillik dönəmində Heydər Əliyevin xarici ölkələrə səfərlərində Yaşar Xəlilov usanmadan işləyərdi, artıq yaşının az olmamasına baxmayaraq bir idmançı qıvraqlığı ilə hərəkət edərdi.
Dövlətin bir nömrəli şəxsinin fotoqrafı olmaq, sadə məsələ deyil.
Mən o səfərlərin xeylisində bütün bunları ən yaxın məsafədən müşahidə etmək imkanına malik olmuşam.
Dalbadal neçə mühüm görüş keçirilərdi.
Qayda budur ki, fotoqraf görüşün keçiriləcəyi yerə hər dəfə hamıdan əvvəl yetişməli, sonra da həmin görüş bitincə digər görüşün baş tutacağı məkana hamıdan əvvəl çata bilməkçün sadəcə sürətlə addımlamamlı, çox zaman qaçmalı idi.
Xatırlayıram 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının 50 illiyi bayram edilərkən Azərbaycan Prezidentini görüş otağına daxil olub salamlaşarkən lentə ala bilməkçün liftə bel balamayaraq mərtəbələr arasındakı yolu pillələri 3-3, 4-4 adlayaraq irəli şığıyan fədakar Yaşar Xəlilovu!
Tükü-tükdən seçən, hər incəliyi sezən unudulmaz Heydər Əliyev bunları görürdü, belə iş tərzindən məmnun idi, çünki işdə fədakarlıq onun özünün də bütün var olduğu müddətcə ən ali keyfiyyətlərindən biri idi.
…Xarici səfərlərə yola düşərkən mən çox zaman hava limanına Yaşar müəllimlə gedib onunla da qayıdardım.
Çünki o hava limanına öz maşını ilə gələr və dayanacaqda saxlardı.
Təyyardənə enən kimi də dərhal öz maşınına oturub birbaşa … evinə yox, laboratoriyaya baş alardı ki, mühüm siyasi səfərə aid fotoların əks olunduğu lentləri aşkarlasın, fotoları çap etsin.
İndi hər şey asanlaşıb. Dünyanın istənilən nöqtəsindən istənilən fotonu internet qanadında göndərirsən, saniyələr ötməmiş lap qəzetin səhifəsinə qoyula bilir.
Yaşarın sənətdə, jurnalistikada olduğu günlərdə isə bunlar əlçatmaz arzu, fantastika kimi idi.
Texniki məhdudiyyətlərin əngəllədiyi operativliyi Yaşar Xəlilov kimi peşəsinə qəlbən vurğun, yüksək peşəkar olanlar məhz işə fədakarcasına can yandırmaqla yarada bilirdilər.
…İdman və siyasət fotoqraflığı ilk növbədə operativlik və dinamizim deməkdir.
Başqa sözlə, sənin bədii kadrlar qurmaq və tutmaq imkanın məhduddur.
Bəzən heç ürəyin istəyən kimi babat bir nöqtə taparaq şəkil çəkmək imkanın belə olmur.
Amma mütləq çəkməlisən və nəticəni də təcili ortaya qoymalısan.
Yaşarın yüksək peşəkarlığının bir sübutu da budur ki, ona ən dar macalda, iki daş arasında olanda belə bədii, təsirli, effektli anları əbədiləşdirmək xoşbəxtliyi də nəsib olub.
Və bu yerdə “xoşbəxtlik” sözünü elə gəlişi gözəl təşbih kimi qəbul etməyin.
Əsl sənətkar üçün xoşbəxtlik üzdən xırda görünən, amma fəlsəfəsi dərin olan belə ayrıntıların qovuşmasından yaranır.
…Yaşar Xəlilovu mənim nəzərimdə ucaldan və tarixi yükü olan bir ayrı cəhət də odur ki, bu qiymətli Azərbaycan sənətkarı XX əsrin sovet onillərində foto mühitimizdə sözü keçən, nüfuzu yüksək olan, arxalı, əhatəsi geniş və soyadları bizdən olmayanların arasında bütün qısqanclıqlara, kəskin rəqabətə, müqavimətlətə rəğmən inadla və büdrəmədən irəliləməyi, özünü təsdiq etməyi, parlamağı, uğurlar qazana-qazana ən birincilər sırasında yer almağı bacarmışdı.
Mətbuatın gücünü həssaslıqla duyan və böyük siyasətində həmin gücdən ustalıqla yararlanan rəhmətlik Ulu Öndərlə səfərlərdə adətən sabit jurnalist dəstəsi olardı.
İndi yaddaşımda fotolar sayrışır.
Yalnız Yaşarın çəkdikləru yox, həmin səfərlərd əsnasında başqalarının çəkdiyi və Yaşarla birlikdə olan fotolarımız.
Amerikda, Fransada, İngiltərədə, İranda, Mərakeşdə…
O fotolardan bir neçəsində üçümüz birgəyik.
İndi Azərtaca uğurla, ləyaqatələ, yüksək peşəkarlıqla rəhbərlik edən dostum Aslan Aslanov, əziz Yaşarımız və mən.
Yaşar üçün Azərtac doğma bir ünvün idi.
Və mən arzulayıram ki, Aslan həm dostumuzun xatirəsinə borcumuzun ifadəsi kimi, həm də foto tariximizin dəyərli bir xadiminin yaradıcılığının salnaməsi olaraq “Yaşar Xəlilov albomu”nun buraxılması nəcibliyini boynuna çəksin.
Dövlət arxivlərini, Yaşarın şəxsi arxivini, elə mənim kimi dost-tanışın arxivlərini araşdıraq. Yaşar Xəlilovun seçmə əsərlərindən ibarət bir kitab hazırlayaq.
Bu həm onun öz ömrünün tarixçəsi olacaq, həm də istedadlı fotoraf və jurnalist Yaşar Xəlilovun içərisindən keçib gəldiyi onillərin qoynundakı Azərbaycanın tarixi.
Ömür bitdi.
Dah heç vaxt əziz Yaşara sevimli Bakısına, Azərbaycana, ona məhrəm olanlara, bu işıqlı dünyaya gülümsər gözləri ilə baxmaq qismət olmayacaq.
Amma o elə bir irs yadigar qoyub gedib ki, bundan sonra çox-çox onillər, bəlkə də yüzillər boyu biz yurdumuza və onun tarixində qalan insanlara Yaşar Xəlilovun gözləri ilə baxmalı olacağıq.
Gözlər baxırsa, demək yaşayır!
Həmişə yaşayacaq Yaşarın adını ata-anası elə əvvəldən düz qoyubmış!
Rafael Hüseynov
28 iyun, 2018, Strasburq