Bu il İstanbulda yenidən Teknofest keçirilir və ilk dəfə Azərbaycan da festivalda iştirak edir. Belə bir halda buraya gəlməmək olmazdı. Hələ-hələ Atatürk Havalimanı mövzudursa bu havalimanında olmaq ayrıca bir xoş və nostalji hisslər bağışlayır. Kaş bağlanmayardı… Mənə festivalda əsas maraq təyyarə və aviaşou idi, odur ki, xüsusilə bu tədbirlərə dair fotolar paylaşacağam. İlk Türk Ulduzları ilə başlayan hava səhnəsi Solo Türk ilə davam etdi. Təyyarələri çəkərkən bir səhnə maraqlı gəldi mənə – havalimanı dispetçer qülləsinin eyvanından seyr edən insanlar….
Daha sonra Azərbaycanın MİG-29 təyyarəsi İstanbul səmalarında dövrə vuraraq izləyicilərin marağına səbəb oldu. Ardınca isə adından da bəlli olduğu kimi quşa bənzər Hürkuş təyyarəsi biraz məzəli görünüşü ilə yadda qaldı. Mənim isə favorim, özüm üçün də gözlənilməz olaraq Solo Türk oldu.
Nurlan Tahirli