4 fevral tarixində Azərbaycan Fotoqrafları Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Altıağac Milli Parkına, həmçinin Altıağac qəsəbəsi ərazisinə fototur təşkil olundu.
Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edən Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır.
Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.