Həyat dayanmadan su kimi axır. Bəzən xoşbəxt anlarımızı dondurub uzun müddət o anın təsirində, sevdiklərimizin əhatəsində qalmağa çalışsaq da, buna nail ola bilmirik. Gördüklərimiz, yaşadıqlarımız yaddaşımızın bir küncündə ilişib qalır. Bəzən əzab verir, bəzən isə xoş xatirə olur. Bəzən də ən xoş anlarımızı belə xatırlamağa gücümüz çatmır. Bu zaman hər birimizin yadına bir şey düşür – fotolar.

Fotolar insan yaddaşının qeydiyyat vərəqidir. Adamı gücləndirilər sanki. Bu gücü isə bizə verən fotoqraflardır. Təbii ki, söhbət işinə, peşəsinə cani-könüldən bağlı olan peşəkarlardan gedir. Azərbaycanın “Qoca” ləqəbli hərbi fotoqrafı Əli Qafar kimi peşəkarlardan. O, indi ölkənin ən qocaman fotoqrafıdır. Minlərlə insanı fotoya çevirmiş bu sənətkarı bir də öz dilindən tanıyaq.

Publika.az-la söhbətində 75 yaşlı fotoqraf söylədi ki, sənətə portret fotolar çəkərək başlayıb. Çoxsaylı tanınmış simaların fotoportretlərini yaradıb. Dağlıq Qarabağda müharibə alovlananda fotoreportyor kimi hərbi fəaliyyətə başlayıb:

“Müharibə illərində əyləncə, portret, rəsmi insanların fotolarını işləməyə maraq olmadı. Daha vacib işlər var idi. O işlərdən yapışmaq lazım idi. O üzdən cəbhədə hərbi fotoreportyor olmağa qərar verdim”.

O dövr üçün bu böyük fədakarlıq idi. 2 övladını, ailəsini təkbaşına qoyub, peşənin ardınca sonu bilinməyən bir yola çıxmaq… Əli bəy bu barədə yeri gəldi-gəlmədi danışmağı ayıb bildiyi üçün sözünü yarıda kəsir…

  • Əli bəy, nə qədər də standart sual olsa da, bu maraqlıdır… Fotoqrafiyaya gəlişinizin səbəbi nə olub?
  • 1943-cü ildə Bakıda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra fotoqrafiya üzrə peşə məktəbinə daxil olmuşam. Bu sahəyə uşaq yaşlarından marağım olub. Yarım əsrə yaxındır ki, bu sənətlə məşğulam. 1988-1989-cu illərdə Xankəndində baş verən hadisələrə şahid olmuşam. O vaxt mən “Azərbaycan müəllimi” qəzetində çalışırdım. Öz ricamla “Azərbaycan Ordusu” qəzetinə keçdim. Sərhəd qəzetlərinə xidmət etmişəm. Bəzən deyirlər ki, fotoqraflar danışmağı sevmir. Mən deməzdim. Çünki xaraktercə danışmağı, deyib-gülməyi sevən adamam. Bəzən görürsüz ki, insan hadisələrə sözlərlə münasibət bildirə bilmir. Nə bilim, kədəri sözlərlə ifadə etmək, gözəlliyi sətirlərə düzmək, həyata insanları sənin gözündən baxmağa məcbur etmək olmaz. Amma fotolar insanlara həyata fotoqrafların gözündən baxmağa kömək edir. Bir gülü elə çəkərsən ki, illərdir onun görülməyən gözəlliyini göstərmiş olarsan. Bir bədbəxt hadisəni ifadə edəcək söz tapa bilməzsən, amma foto duyğularını izləyicilərə ötürə bilər. Mən buna inanıram. Fotolarla danışmaq sizə asan gəlməsin. Bunu hər adam bacarmaz.
  • Bu yolda ilk silahınızın markası nə olub?
  • “Zenit”…

Bir qədər kədərləndiyi hər halından hiss olunur… Çəkib göstərmək istədiyi çox görüntülərin olduğu bəllidi. Nəfəsini dərib, davam edir:

  • Goranboy rayonunda reyd briqadası ilə döyüş bölgələrinə gedəndə əlimdəki ən güclü silah bu olub. Çox döyüşlərə, çox faciələrə şahid olub. Mənim çəkdiyim şəkilləri məndən başqa heç kim tanıya bilməz. Bunu ona görə deyirəm ki, o fotolara baxan kimi həmin gün mənim xatirimdə canlanır. Çox dəqiq bilirəm ki, bu foto harada, nə zaman, necə çəkilib. Bunu mənimlə birlikdə o dövrdə çalışan həmkarlarım da bilər. Bizim az yaşımız yoxdur, hərəmizin 70-75-ə yaxın yaşımız var. Həyat gedir, sağlamlığımızı itiririk. Mənim nə qədər şəkillərim neqativdə qalıb. Müharibə illərindən, Ağdam döyüşlərindən 500-ə yaxın işıqlandırmadığım fotolar var. Bilsəydim ki, bu günlərə düşəcəm, onları zamanında çıxartdırardım. İndi gözlərimin nuru gedib, əlimdən heç nə gəlmir…
  • “Zenit”lə ilk və son dəfə nə zaman foto çəkmisiz?
  • ilk dəfə 40 il bundan qabaq… Son dəfə isə 2006-cı ildə onu əlimə almışam. Amma təəssüf edirəm ki, evimi su basdı. 2 minə yaxın neqativim yararsız hala düşdü. İlk silahdaşım mənə 40 il xidmət elədi, amma mən onu yarı yolda qoydum…
  • İlk və son çəkdiyiniz fotoda nələr əks olunub?
  • İlk fotomda təbiəti çəkmişdim. Rayonlardan birinə istirahətə gedən zaman. Əsgərlikdən gəlmişdim və yeni-yeni bu işə başlayırdım. Sonuncu çəkdiyim foto isə Ağdamda cəbhə bölgəsindən olub.

“Axı gözləri olmayan fotoqraf kimə lazımdır?..”

Əli Qafarov bu yaxınlarda 75 yaşına qədəm qoyub. 3 ilə yaxındır ki, gözləri görmür. Deyir ki, gözl nurunu itirməsi onun peşəsini də əlindən alıb.

  • Əli müəllim, necə oldu bu hadisə? Birdən-birəmi gözlərinizi hiss etmədiz?
  • Heç bilmirəm necə oldu. 3 il bundan qabaq yavaş-yavaş hiss edirdim ki, ətrafa xüsusi çərçivədən baxıram. Həyat yoldaşımı narahat etmək istəmədiyim üçün əvvəl-əvvəl heç nə demirdim. Sonra gördüm ki, bu çərçivə yavaş-yavaş daralır. Həkimə müraciət etdiyimdə isə dedilər ki, kifayət qədər gec gəlmisiz. Türklərin maraqlı bir deyimi var, “ayaqlarıma qara sular endi”. Təbii ki, bu yorğunluq mənasında deyilən bir ifadədir. Amma təəssüf ki, mənim gözlərimə gələn qara su yorğunluq əlaməti olmadı. İşıqlı dünya ilə əlaqəm, fotolarıma, həyat yoldaşıma, nəvələrimə son baxışım oldu. Bilirdim ki, onlarla bəlkə də uzun illər yaşayacam. Amma bir də heç vaxt onların üzünü görməyəcəm. Bu olduqca ağırdır.
  • Bizə bir az cəbhə bölgəsindən danışın… Məşhur filosoflardan biri deyib ki, müharibə tapdığı ölkəni bir daha buraxmaz. Razısız?
  • Elə deməzdim. Fevral ayının 20-də ilk ezamiyyətimə – Tərtər rayonuna yollandım. Biz rayona girəndə saat 3 idi. Axşama kimi rayonda bir nəfər adam tapa bilmədik. O vaxt Tərtər müdafiəsinə Gəncənin, Lənkəranın batalyonu cəlb olunmuşdu. Bax, ilk dəfə onda mən müharibənin nə olduğunu anladım. “Ölü kənd”lərin içində gəzirdik. Mənim arxivimdə, Müdafiə Nazirliyinin arxivində o bölgələrdən çəkdiyim fotolar var. Daha sonra biz Ağdama getmişdik. Mən sizə danışıram 1992-ci ildən. Atışmanın ortasında əsgərlərin nə zülm çəkdiyini gördüm. Bizə irəli getməyə icazə vermirdilər. Sakitliyin içərisində birdən düşmən tərəfindən atəş açılırdı. Gözümün önündə batalyonun əsgərləri şəhid olurdu. Bir dəfə əsgərin yerdə can verərək öldüyü anı çəkmişdim. Bu günə qədər o kadr gözlərim önündən getmir. Müharibə tapdığı ölkəni buraxmaz deməzdim, amma müharibənin yeli keçən ölkələrdə illər keçsə belə heç nə əvvəlki kimi olmur.
  • Qarabağda təxminən nə qədər şəkil çəkmisiz?
  • 2000-dən çox şəkil elə qəzet səhifələrində çap olunub. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Zəngilan, Gədəbəy bölgələrindən çəkib yayımlamadığı minlərlə fotolar var. Xüsusilə də Ağdam və Füzuli döyüşlərində. Arada can qorxusu olsa da, ailəsini, əzizlərini qoyub gələn insanlar əllərindən gələni edirdilər. Ermənilərlə çox yaxın məsafələrdə olmuşuq. 1992-ci il Xocalı soyqırımından 1998-ci ilə qədər Qarabağ döyüşlərindən fotolar çəkmişəm. Bu fotolardan ibarət, üç dildə nəşr olunan “Şahid” fotoalbomu çap olunub. “Hərbi-dəniz qüvvələrinin qəzeti” və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sənədli filmlər kino-telestudiyasında da çalışmışam. Bu gün də o fotolar Azərbaycan Fotoqraflar Birliyinin arxivində saxlanılır.
  • Heç olubmu şəkillərinizi götürüb müəllif hüquqlarını pozsunlar?
  • Olub. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn latviyalı jurnalist Tatyana Çaladzenin gözəl qələmi vardı. Mən bir neçə dəfə onun yazılarını oxumuşdum. Bir dəfə də bir yazısı rastıma çıxdı. Amma yazıdan çox diqqətimi məqalədəki fotolar çəkdi. Baxdım ki, mənim fotolarımdı. Onunla əlaqə saxladım. İzah etdim ki, sən gözəl yazırsan, mən isə gözəl çəkirəm. Gəl ortaq bir albom çıxaraq. Mənimlə razılaşmadı. Mən də ona izah etdim ki, yazı sənin işin olduğu qədər, foto da mənim işimdir. Bir başqasının işini oğurlamaq isə yaxşı hərəkət deyil. İndi də hərdən Tavat xanım mənim hesabıma gələn mesajları cavablandıranda, sosial şəbəkələrə baxanda, şəkillərimlə rastlaşır. Biri deyir müəllif mənəm, biri deyir mən… Mən isə sakit-səssiz dayanmışam. Gözüm görən zamanlarda həmin şəklin “müəlliflərindən” o şəkillərin tarixçəsin soruşmağım kifayət edirdi. Amma indi heç nə edə bilmirəm.
  • Necə düşünürsüz, bir fotoqraf üçün ən böyük faciə nədir?
  • Gözlərinin olmaması… Ən böyük faciə budur məncə.
  • Müharibədə şəklini çəkdiyiniz əsgərlərin ailələri ilə görüşmüsüzmü? Heç olubmu cəsarət edib o fotonu ailəsinə verə bilməmisiz?
  • Bilirsiz, mən fotoları Müdafiə Nazirliyinin arxivinə verirdim. Hər gün 4-5 şəkil paylaşırdım. Sosial şəbəkələrdə bəzən şəkillərimi istinadsız belə yayımlayırdılar. Hərdən kimsə mənə yazırdı ki, bəs, çəkdiyiniz şəkildəki mənim qardaşımdır, əmimdir, atamdır və s. Şəkilləri məndən istəyəndə verirdim. Amma o insanlar elə halda olurdular ki, mən o şəkilləri ailələrinə verməyə ürək eləmirdim. İstəmirdim şəhid ataları oğullarını son olaraq bu vəziyyətdə xatırlasınlar. Bu mənə çox pis təsir edirdi.
  • Heç olubmu çəkdiyiniz kadrlar yuxunuza girib?
  • Onların hər biri bu gün də mənim xatirəmdədi. Gözlərim bu dəqiqəni görməsə də, 10-15 il əvvəlki vaxtlar film kimi bu qaranlıq tuneldən keçib gedir. Heç birini unutmamışam. Mən elə indi də yuxudayam, qızım… Gözlərimi yumsam da, yummasam da onların hər biri gözlərimin önündədir…
  • Övladlarınızı qoyub cəbhəyə getdiniz. Belə bir söz var ki, hər insan bir gün mütləq fotoya çevrilir. Cəbhə bölgəsində foto olmaqdan necə, qorxurdunuzmu?

Kim deyirsə ki, qorxmuram, bilin ki, yalandır. İnsan hər zaman canından ehtiyat edir. Həyatda qalmaq istəyir. Əlbəttə ki, ehtiyat edirdim. Ailəmi yenidən görmək istəyirdim. Hər dəfə ezamiyyətə gedəndə çalışırdım ki, sağ-salamat onların yanına geri qayıdım. Amma bir dəfə mən özüm də ölümün astanasından geri qayıtmışam. Ağdam rayonunda müharibənin ağır vaxtları idi. Biz bir neçə jurnalistlə birlikdə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonuna gəldik. Onların tankları düşmən bölgəsi ilə üzbəüz idi. Çox təhlükəli yerdə idi. Kəndlərdə yol göstərən nişanların hər biri dağılmışdı. Maşında bizə yolu göstərməsi üçün bələdçi olsa da, yolu tanımırdı. Bizi səhv yolla apardığı üçün gedib çıxmışdıq ermənilərin olduğu Martuni kəndinə. Kəndin girişində isə yola minalar düzülmüşdü. Maşından kənara baxırdım ki, kəndlilər bizə nəsə demək istəyir. Yol qırağında dayanıb “ora getməyin” deyirdilər. Sürücü məsələni gec anladı və anladığı an sükanı tam sola çevirib, döndü. Çox böyük möcüzə oldu ki, maşın minalara toxunmadı, 7 jurnalist və mən salamat qaldıq. Mən artıq lenti açmışdım ki, yandırım. Bu görüntülər düşmənin əlinə keçməsin. Bu gün də düşünürəm ki, Qarakənddə ölən Alı Mustafayevin ruhu bizi qoruyub. Sonradan Şirin Mirzəyev bizə dedi ki, düşmən tərəfə gedtiyimizi görürlərmiş Artıq əmr verilibmiş ki, maşını döndərməsək, bizi vursunlar.

Həyatda foto olmaq riski hər zaman var. Əsas odur o foto olduğun andan illər sonra necə xatırlanacaqsan. O dövrdə mən 15-dən çox milli qəhrəmanın şəklini çəkmişdim. Onlardan bircə Şirin Mirzəyev haqqında “Sərkərdə” kitabı dərc edilib.

“Hər şeyi unuduram, sanki yenidən uşaq oluram…”

  • Müharibədən əvvəl və sonra… Hərbi fotoqraf olmaq sizi çoxmu dəyişdirdi?
  • Deməzdim çox dəyişmişəm. Müharibə görməyən bir insan həyata bir başqa cür yanaşır. Bir insan öləndə onun ölümü sənə tam olaraq çatmır. İnsanların bir-birini bu qədər amansızlıqla öldürə biləcəyi sənə çatmır. Gözü çıxarılmış, dərisi soyulmuş cəsədlər arasında öz qohumlarını axtaran insanlar gözümün önündən getmir. Bir neçə gün orada qalıb, silahdaşımla həmin insanların dərdlərini çəkmişəm. İnsan belə anları ölümsüzləşdirmək istəmir. Qan qoxusu, mərmi qoxusu, atəş səslərinin əbədiləşdirildiyi yüzlərlə fotolara baxıb bir anda həmin ana qayıdırdım. Mən o səhnələri görəndə çox təsirlənirdim. Orada çox foto çəkmişdim. Çox pis vəziyyət idi. Aclıq, səfalət, savaş insanları çox yormuşdu. Onların güzəranını çəkib, kitabıma əlavə etmişəm. Müharibədən sonra isə insan həyatın nə demək olduğunu dərk edir. Tezdən 7 nəfərin oturduğu süfrəyə axşam 5 nəfərlə oturmağın nə demək olduğunu dərk edirsən. Əsgərlərin yoldaşlarını sürüyərək döyüş meydanından çıxarmasının nə demək olduğunu çətin də olsa, başa düşürsən. Müharibənin özü elə xatirədir ki, qan qoxan fotolara baxdıqca çiyinlərinə ağır yük yığılır.
  • Müharibə sizi zalımlaşdırıbmı?
  • Qətiyyən.
  • Sizə niyə “Qoca” ləqəbi ilə müraciət edirdilər. Yaşınıza görə, yoxsa xüsusi bir anlamı vardı?
  • (Gülür) Düz tapmısız. Yaşıma görə mənə hamı “Qoca” deyirdi. Amma ilk dəfə bunu mənə İbrahim Rüstəmli demişdi. Ondan sonra hamı başladı bu cür xitab etməyə. O vaxt bəzi fotoları çəkəndə mənə mane olmağa çalışırdılar. Ona görə də, iki fotoaparatım olurdu. “Zenit”i həmişə sinəmin üstündə gəzdirirdim ki, kadrı qaçırmayım. Amma onlar bilmirdi ki, mən eyni anda iki aparatla da çəkilişlər edə bilirəm. Belə-belə müdrik anlamını da daşıyan bu ləqəblə mənə müraciət etməyə başladılar.
  • Peşənizə aşiqsiz, bu bəllidir. Bəs bugünədək aşiq olub, unuda bilmədiyiniz o gözəl qadın kimdir?

Sualı eşidən kimi əlini oturduğu yerin yaxınlığında gəzdirir. Bir zamanlar gözlərinin hər yerdə axtardığı ömür-gün yoldaşı Tavat xanımı indi əli ilə axtarır. Tapır. Əlini yanında əyləşən Tavat xanımın əlinin üstünə qoyur.

  • Mənim gözlərim, əllərim, ruhum bu xanımla birdir. Otuz səkkiz illik birgə həyatımız var. Allah nəsib edərsə, bundan sonra da birlikdəyik. Bu həyatın çətinliklərinin öhtəsindən çiyin-çiyinə gəlmişik.
  • Bir az da sevginizdən danışın… Tavat xanım da sizin obyektivinizə tuş gəlib, yoxsa?..
  • (Gülürük) Mən desəm, inanmayacaqsız. Qoyun elə özü burdadı, özü də danışsın.

Müsahibə boyunca Əli müəllimin yanından bir dəqiqə belə olsun, ayrılmayan möhtəşəm qadın… “Əli bir az rəqəmləri qarışdırır, birdən ili səhv deyər” deyib, bütün diqqəti ilə əvvəldən sona qədər söhbətimizə qulaq asan Tavat xanım Əli Qafarla tanışlığından söz açır:

  • Biz tanış olanda Əli “Azərnbaycan müəllimi” qəzetində çalışırdı. O qədər cavan, şux, yaraşıqlı cavan idi ki, heç deməzdin, aramızda on beş il yaş fərqi var. Heç mən də bilmirdim, nikah masasında öyrəndim (Gülür). Əlinin xarici görkəmindən qətiyyən o yaşı vermək olmazdı. Bəlkə də yaş fərqini əvvəldən bilsəydim, razılıq verməzdim. Amma nikah masasında biləndən sonra hara qaça bilərdim? İndi düşünürəm, yaxşı ki, bilməmişəm. Yaxşı ki, etiraz etmədən həyatımı Əli ilə birləşdirmişəm. Bu illər ərzində Əli müəllim mənim yaxın dostum, sirdaşım, məsləhətçim, dərdləşdiyim yeganə insan olub. Amma heç bir dəfə olsun, öz qayğılarından mənə danışmazdı. Fikir eləməyimi heç istəməzdi. Nə az, nə çox, 38 il. Artıq o danışmasa belə mən onu hiss edirdim. Bilirdim ki, nəyə ehtiyacı var. Səssizcə lazım olanı edirdim. Onun baxışına, duruşuna, sakitliyinə foto kimi baxıb, anlayırdım. Bu vəziyyət indi də davam edir.

Tavat xanım deyir ki, Əli müəllim o qədər kövrək insandır, başqaları ona bircə kəmlə xoş söz deyəndə uşaq kimi sevinir. Hər şeyi unudur, yavaş-yavaş uşaqlaşır…

Əli müəllim söhbətimizə müdaxilə edir:

  • Atası məşhur, savadlı müəllimlərdən biri idi. Bir dəfə jurnalist dostlarla birgə məni də öz evinə qonaq çağırdı. İlk dəfə bu gözəl xanımı orda gördüm. Sonra da elçi göndərdim. Düzünü desəm, dastan yazılacaq uzun-uzadı sevgi macəralarına inanmıram. İlk baxışda sevgi olmur. Sevgi sonradan yaranır. Özü də təsdiq edər ki, biz sevib evlənməmişik. Amma indi görün bir gün mən onsuz, ya da o mənsiz qala bilərikmi? Əsla. Sevgi uğrunda illərlə əmək verdikdən sonra yetişən meyvədir. Bir gündə, bir ildə, bir ayda sevgi yarana bilməz. Bu mövzuda çox danışmaq istəmirəm, çünki otuz səkkiz illik birgə həyat haqqında yəqin ki, kişidən çox qadının dəyəcək sözü olar (Gülür). Bəlkə elə deyil?
  • Deyirlər ki, sizin toyunuzdan bir dənə də olsun, fotonuz yoxdur. Xüsusi səbəbi varmı?
  • Məni qana salmayın (Gülür). Bilirisiz, mən heç kimi incidən adam deyiləm. Toya dəvət etdiyim dostların əksəriyyəti həmkarlarım idi. Hamısına da tapşırmışdım ki, silahlarınızı evdə qoyun. Gəlirsiz yeyin, için, əylənin. Beləcə, o günü də çox xoşbəxt keçirdik.
  • Gənclərə tövsiyyələriniz? Keyfiyyətli foto çəkmək üçün nə lazımdır?
  • İndi rəqəmsal fotoaparatlar icad edilib. Vallah, bir balaca yaradıcı insan gözəl fotolar çəkə bilər. Bir düymə ilə bütün tənzimləmələri düzəldirsən. Obyektivi hədəfə tuşladıqdan sonra nəfəsini dərib bir düyməni basmaq kifayət edir. Əvvəlki vaxtlarda çətin idi. Neqativdən şəkilləri çıxartmaq, hazırlamaq, təhvil vermək… İndi texnologiya inkişaf edib. Hər şey sadədir. Amma məndən soruşsaz, fotoaparatın lentini yumaq üçün o dərmanın qoxusunu içinə çəkmədinsə, elə bil nəsə yarımçıq qalır.

“Bu düşdüyüm qaranlığı çəkib göstərmək istərdim…”

  • Gözləriniz tutulmasaydı, nələri çəkmək istəyərdiniz?

…İstərdim ki, bu zülmət qaranlığın fotosunu çəkim, sizə göstərim. Bura elə bir quyudur ki, sonunu görə bilmirsən. Fotoqrafın yarada biləcəyi ən möhtəşəm kadr olardı, bəlkə də. Amma təəssüf ki, bu qaranlığı sizə göstərə bilmirəm. Hərdən fikirləşirəm ki, vaxt var idi, qorumaq üçün aparatın lentlərini qaranlıqda saxlayırdım. İndi isə özüm o qaranlığın içərisindəyəm. Düzünü desəm, heç istəmərəm də görəsiz…

  • Həyatda bağışlamadığınız, gileyli qaldığınız kimlərsə var?
  • Heç kimdən gileyli deyiləm. Bu günə qədər baş verən hadisələrə görə kimisə günahlandırmıram. Amma bir balaca gileylənirəm o kəslərdən ki, mənim bu vaxtlarımda bir dəfə qpımı açmayıblar. Bir dəfə zəng edib “necəsən?” deməyiblər. O kəslərdən bir az gileyliyəm, amma nə deyim. Allah hamınızı qorusun.
  • Minə yaxın neqativlərinizin, silahınızın aqibətinin necə olmasını istəyirsiz?
  • Mənimlə maraqlanan olmadığı üçün, inanmıram ki, o fotolarla, bu aparatla da kimsə maraqlansın. Onlar da mənim kimi zamanla unudulub gedəcək…
  • Fotoqraflardan biri deyib ki, yer üzündən bir söz silmək haqqım olsaydı, “obyektiv” sözünü silərdim. Siz nəyi silərdiniz?
  • Çox çətin sual oldu… Maraqlı sualdır. Cavab vermək çətindir. Hansı sözü silərdim… Bəlkə də “qaranlıq”…
  • Bu yaxınlarda 75 yaşınız tamam oldu. Sizi ürəkdən təbrik edirik, Əli müəllim. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
  • Mən təşəkkür edirəm.

Könül Cəfərli

P.S: Əli müəllim israrla bizi yola salmaq istədi. Qapıya qədər gəldi. Onun dərin bir boşluğa baxaraq bizi yola salması, “tez-tez gəlin” deməsi mənə çox təsir etdi. Bir fotoqrafın ünvansız baxışlarının ola biləcəyini ilk dəfə onda gördüm…

Əsərləri ən çox oğurlanan azərbaycanlı fotoqraf: “Gözlərim görmür deyə, xəbərim olmur”

Leave a Reply