News24.az xəbər verir ki, ekspozisiyada 80-ci illərin sonları, 90-cı illərin birinci yarısından olan 21 Azərbaycan rəssamının əl işləri sərgilənir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə təqdim olunur. Sərginin kuratoru Azərbaycanın Əməkdar rəssamı Sabina Şıxlinskayadır.

Tədbirdə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, CHINGIZ, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.

Sərginin adında tənhalıq və yalnızlıq mövzusu mənəvi tərəfdən nümayış olunur. “Öz adanı kəşf et” poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır.  Həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərgi üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid, məyusluq, müharibə, sevgi, ölüm və dirçəliş kimi əbədi mövzular üzərində qurulub.
Layihə Sovet İttifaqının süqutu dövründəki incəsənətə həsr olunub. Bu gün sovet irsi ilə bağlı olan mövzular, müəyyən məqamda dünyanın mədəni mühitində çox tələb olunsa da, ciddi şəkildə tükənib.

Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan, sözügedən sərgi yaddaşımız, tarixi irsimiz haqqındadır. SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə, təkcə müharibə və onun acı nəticələri deyildi.

Ekspozisiyaya Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Müasir İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil edilib.

Sərgi mayın 30-dək davam edəcək

Leave a Reply