21 fevral 2017-ci il 19:00 – 21:00 Fizuli küçəsi 67 tarixində Azərbaycanda Fransız İnstitutunda (IFA) “Fotoqrafiya sənətində müasir aspektlər” layihəsinin təqdimatı keçiriləcək. Təqdimat fotoqrafiya sənətinin aktual məsələlərinə və inkişaf tendensiyalarına həsr olunacaq. Layihə tanınmış Azərbaycan fotoqraflarının iştirakı ilə keçiriləcək mühazirə-konfranslar seriyasından ibarətdir. Ölkəmizdə sözü gedən incəsənət növü üzrə tendensiyaların dinamik inkişafı artır və Anri Kartye-Bressonun ənənələrində küçə fotoqrafiyasına xüsusi maraq müşahidə olunur. İnkişaf tendensiyalarından bəhs edən zaman unutmaq olmaz ki, fotoqrafiya sənətinin inkişafında tənqid, eləcə də, fotoqrafiya ustadlarının nəzəri-tənqidi yanaşması mühüm rol oynayır.
“Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi fotoqrafiya ustadları ilə ictimai müzakirələr, görüş və mühazirələr vasitəsi ilə bu sahəyə xas əsas xüsusiyyətləri və aktual məsələləri, eləcə də sosial və bədii fenomen kimi fotoqrafiyanı hərtərəfli nəzərdən keçirmək məqsədi daşıyır. Növbəti üç həftə ərzində üç Azərbaycan fotoqrafı Sənan Ələsgərov, Eldar Əkbərov və Rüfət Abas ilə keçiriləcək mühazirələr silsiləsi peşəkar auditoriyaya və geniş kütləyə fotoqrafiyada estetik məsələlər, texnika keyfiyyəti və fotoqrafın bir rəssam-ustad kimi təhlili ilə bağlı mövzulara toxunmaq imkanı verəcək. Bu üç fotoqraf auditoriyanı sadəcə nəzəri biliklər dünyasına aparmaqda qalmayacaq, eyni zamanda şəxsi təcrübələrindən danışacaq, onların “şəxsi əhatəsinə” girməyə imkan yaradaraq, yaradıcılar və tamaşaçılar arasında dialoqun baş tutmasına xidmət edəcək.
Təqdimat fotoqrafiya dünyasında müasir və aktual aspektlər mövzusunda ictimai müzakirələrlə davam edəcək.
Bu layihə İnisiativ Kuratorlar Birliyi (ICU) və Azərbaycanda Fransız İnstitutunun (IFA) tərədaşlığı ilə “Azərbaycanda mədəniyyət laboratoriyasının yaradılmasına texniki dəstək” layihəsinin bir hissəsi olaraq keçirilir. Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.