portret azizi bala 

Əzizbala Hacıyev  (1895-1973)

  1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir.
Ə. Hacıyev sovet hakimiyyəti qurulduqdan sonra peşəkar fotoqrafiya ilə məşğul olmağa başlamışdır. Qeyd etmək lazımdır ki, bu sənətlə məşğul olmaq üçün şəhər qubernatorunun xüsusi icazə sənədi olmalı idi. XX əsrin əvvəllərində neft Bakısında foto işi ilə əsasən yəhudilər, ruslar və ermənilər məşğul olurdu. O zamanlar Bakıda ilk fotostudiya Bazar küçəsində ( indiki Azərbaycan prospekti ) yerləşirdi. Əzizbala da əvvəlcə burada fotoqraflar artelində çalışırdı. Fotoqrafiyaya sonsuz həvəsi və marağı olduğu üçün öz şəxsi fotostudiyasını açmaq qərarına gəlir və bu məqsədlə Bayıl qəsəbəsində yer götürərək fotostudiyanı aça bilir. Fotostudiya üçün lazım olan bütün avadanlıqları , hər cür xırdalığı da daxil olmaqla,o, Almaniyadan sifariş edib gətizdirirdi. Əsrin əvvəllərində çoxmillətli Bakıda azərbaycanlı bir gəncin fotoqrafıya ilə məşğul olması ,üstəlik studiya açması həmin dövr üçün çox cürətli bir addım idi. Fotostudiyada Əzizbala müəllim həm işləyir, həm də ailəsi ilə birlikdə yaşayırdı.
Ə.Hacıyevin sənəti ilə bağlı olaraq çoxlu dost və tanışı var idi. Onun ən yaxın dostlarından biri Hüseyn Cavid idi. H.Cavid yenicə çapdan çıxmış əsərlərinin tam külliyyatının bir nüsxəsini ona hədiyyə etmişdi. Çox güman ki, bu hədiyyə də fotoqrafa çox baha başa gəldi. Azərbaycanlı fotoqraf , işinə – sənətinə vurğun və ən əsas da paytaxtda ilk dəfə fotostudiyalardan birinin yaradıcısı kimi bu dəfə Əzizbala müəllim erməni fitnəsinin qurbanı oldu. Onu həbsə atdıran da bir erməni fotoqrafı oldu. Həmin bu erməninin fotostudiyası Ə. Hacıyevin iş yerinin yaxınlığında yerləşirdi. O , İranla əlaqəsinə , qaçaqmalçılığa, H. Cavidlə dostluq etdiyinə görə ittiham olundu. Üstəlik onun bütün əmlakı müsadirə olundu ,studiyası isə dağıdıldı.Yaradıcılıq arxivi NKVD tərəfindən müsadirə olundu.
Arxangelskdə sürgündə olarkən Əzizbala müəllimin ,necə deyərlər , “bəxti gətirdi “. Zona naçalnikinə fotoqraf lazım idi. Azərbaycanlı fotoqraf sənədlər üçün məhbusların şəkillərini çəkirdi. Əslində , sevdiyi peşəsi onu ölümdən belə qurtardı. Sürgün illərində məhbusun adına verilmiş sənədlərdən aydınlaşdırdıq ki, o , Arxangelsk vilayətində Oneqlaq adlı yerdə cəza çəkmişdir. Çox güman ki, həmin yer qəsəbə olmuşdur. Repressiya qurbanı olmuş digər məhbuslar kimi Əzizbala da sürgündən tamam başqa bir adam kimi qayıdır. Əzab-əziyyətlər çəkmiş, həyatdan küsmüş Ə. Hacıyev bir daha öz sevimli sənətinə qayıda bilmir. Bakıya döndükdən sonra bir müddət mənzil-istismar idarələrindən birində müdir vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının 1920-1937- ci illərdə fəaliyyət göstərmiş ilk fotoqrafı Əzizbala Hacıyev 1973-cü ildə vəfat etmişdir.