Naxçıvan Təlim Mərkəzi və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə “Fotojurnalistika” mövzusunda təlimə start verilib. Naxçıvan şəhərindəki “Saat Meydanı”nda keçirilən Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi, tanınmış fotoqraf Mirnaib Həsənoğlunun apardığı təlimdə “Şərq qapısı” qəzetinin və bir sıra dövlət qurumlarının fotoqrafları iştirak ediblər. Təlimin əsas məqsədi regionda fotoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarını artırmaq, onların müasir fotojurnalistika trendləri ilə tanış olmalarına şərait yaratmaqdır. Təlim başlamazdan əvvəl çıxışlar dinlənilib.
Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin məsul katibi Ruhiyyə Rəsulova bildirib ki, Mirnaib Həsənoğlu Azərbaycan Fotoqrafları Birliyinin təsisçisidir və 43 ildir bu sənətlə məşğuldur. Vurğulanıb ki, 5-7 mart tarixlərdə keçiriləcək təlim vasitəsilə peşəkar fotoqraf çoxillik təcrübəsini  nəzəri  və praktiki olaraq iştirakçılarla paylaşacaq. Bu gün uşaqdan tutmuş böyüyə kimi hər kəsin əlində telefon var və istədiyi fotonu çəkə bilir. Bu həvəskar çəkilişləri fotoqrafiya sənəti ilə qətiyyən eyniləşdirmək olmaz. Fotoqrafiya yüksək zövq, duyum və dərin müşahidə tələb edən bir sənət sahəsidir. Bəzən bir foto bütün bir yazını əvəz edə bilir.
Ruhiyyə Rəsulova qeyd edib ki, təlim müddətində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də olacaq ki, bu da iştirakçıların real çəkiliş təcrübəsi qazanmasına şərait yaradacaq.
Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu iştirakçılara təlimin  fotojurnalistikaya dair bilikləri artırmaq və bu sahədə öz bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün böyük fürsət olduğunu qeyd edib.
Daha sonra təlimə start verilib. Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, ustad fotoqrafın tövsiyələrindən yararlanaraq peşəkar yanaşma metodlarını mənimsəməyə səy göstəriblər. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki,  təlimin üçüncü günü  Ordubad şəhərində keçiriləcək. Sonda iştirakçılara sertifikat təqdim olunacaq.

Leave a Reply