Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə fotoqrafın imzası” adlı foto sərgi təşkil olunub. Sərgidə muzeyin kolleksiyasında qorunan fotolarda yer alan fotoqrafların imzaları nümayiş etdirilib. Ekspozisiyada 1940-cı illərə qədər çəkilmiş, üzərində fotoqrafların şəxsi imzası olan paspartular təqdim olunub. Hər bir imza fotoqrafın fərdi üslubunu və fotoqrafiya sahəsindəki uğurlarını əks etdirir. Paspartularda həmçinin həmin fotoqrafların aldıqları mükafatlar və peşəkar nailiyyətləri haqqında məlumatlar da yer alır.

Sərgidə yalnız Azərbaycan fotoqraflarının deyil, dünyanın müxtəlif ölkələrindən olan sənətkarların da paspartuları təqdim edilib. Bu sənədlər həm də dəyərli informasiya mənbəyi kimi tarixi əhəmiyyət kəsb edir.

Sərgidə ilk dəfə olaraq 1880–1910-cu illərdə Gəncədə fəaliyyət göstərmiş azərbaycanlı fotoqraf M.A. Abbasovun fotoları nümayiş olunub. Ümumilikdə sərgidə 68 ədəd orijinal foto təqdim olunur.

Sərginin əsas məqsədi — tarixdə iz qoymuş fotoqrafları cəmiyyətə daha yaxından tanıtmaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman sərginin ideyası və əhəmiyyəti barədə danışıb. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı isə muzeydə qorunan foto materialların tarixi dəyərini vurğulayıb.

Sərgidə milyonçu Musa Nağıyevin nəticəsi Dilarə xanım da iştirak edib və babasının portreti qarşısında onun bu bina ilə bağlı xatirələrini bölüşüb.

Sərginin kuratoru Mirnaib Həsənoğlu isə layihənin özəlliklərindən və bu fotoları lentə almış fotoqrafların yaradıcılığından bəhs edib.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Leave a Reply