Fevralın 8-də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutub.

Sərginin əsas məqsədi könüllü hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.

Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən və könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədilə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının imza günü təşkil olunub. Bu kitabın satışından əldə edilən gəlir könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına məktub yazan aztəminatlı ailələrin övladlarının arzuların reallaşdırılmasına yönəldiləcək.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək könüllülük fəaliyyəti barədə məlumat verib. “Könüllülük hərəkatı “ASAN xidmət”in yaradılması ilə bir dövrə təsadüf edir. Qısa müddətdən sonra könüllülər özlərinin ictimai birliyini yaratdılar. Bu birlikdə bu gün 10 mindən çox gənc könüllü toplaşıb. Onlar “ASAN xidmət” çərçivəsindən kənara çıxaraq 200-dək yerli və beynəlxalq layihələr həyata keçiriblər”.

Könüllülüyün artıq gənclərimizin həyat tərzinə çevrildiyini vurğulayan Ülvi Mehdiyev deyib ki, könüllülərin qarşılarına qoyduqları məqsəd vətənə, dövlətə sədaqət, özünü təkmilləşdirmə və inkişaf etdirməkdən ibarətdir.

“Könüllülük: Uğurun formulu” kitabının könüllülər üçün bir yol xəritəsi olacağı vurğulanıb.

Tədbirdə Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, Azərbaycan Fotoqraflar Birliyini sədri Mirnaib Həsənoğlu və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük hərəkatının hər bir istiqaməti əhatə etdiyini, gənclərin bu fəaliyyətə çox böyük maraq göstərdiklərini söyləyiblər. Onlar könüllülük fəaliyyətinin müəssisənin insan resurslarının idarə olunmasındakı rolu, həmçinin fotoqrafiyanın könüllülük fəaliyyətinin işıqlandırılmasındakı əhəmiyyəti barədə məlumat veriblər.

Eyni zamanda, təqdim edilən kitabın çoxşaxəli könüllülük hərəkatı, bununla paralel olaraq ölkəmizdə könüllülüyün vərdiş halını almasından bəhs ediblər.

Sonda sərgidə iştirak etmiş fotoqraflara “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən sertifikatlar təqdim edilib. Sertifikat alanlar arasında AZƏRTAC da var.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Bir ay davam edəcək fotosərgidə 15 fotoqrafın 34 fotoşəkil nümayiş olunur. Könüllü hərəkatına həsr edilmiş və ilk dəfə keçirilən fotosərgi ASAN könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır. Eyni zamanda, Formula 1, “Eurovision”, Beynəlxalq Bakı Şahmat Olimpiadası, “Bakı-2015” İlk Avropa Oyunları könüllülərinin fotoları sərgilənir.

http://azertag.az/xeber/Konulluler_herekati_fotoqraflarin_gozu_ile_I_umumrespublika_achiq_fotosergisi_kechirilir-1033414

Leave a Reply