Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Müasir İncəsənət Muzeyində Eldar Əkbərov və Səbinə Şıxlinskayanın “Bağ” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru Xəyyam Abdinov sərgidə nümayiş olunan əsərlərdən söz açıb. Bildirib ki, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Mədəniyyət və Menecment Laboratoriyası” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılıb. Abşeron bağları mövzusuna həsr olunan sərginin eksponatları həmin bağların sürətlə qeybə çəkilən mahiyyətini əks etdirərək ziyarətçilərin nəzərinə çatdırır.
Sərginin kuratoru Yelena Kapanadze qeyd edib ki, Eldar Əkbərovun işləri Abşeron sahilində yerləşən bağ evlərinin ilk baxışdan mücərrəd sənədli fotoşəkilləridir. Səbinə Şıxlinskayanın ərsəyə gətirdiyi performativ instalyasiya isə daha çox viranəlik, itki və yadırğama hallarına qarşı müəllifin şəxsi münasibətini və etirazını əks etdirir.
Eldar Əkbərov və Səbinə Şıxlinskaya sərginin keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər və burada nümayiş olunan əsərlərin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına ümidvar olduqlarını bildiriblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, etimoloji baxımdan rus dilində “bağ” sözünün ekvivalenti olan “daça” sözü şəhərin kənarında yerləşən müvəqqəti yaşayış yerini bildirir. Lakin Rusiya imperiyası və Sovet İttifaqı dövründə “daça”lar mədəni yaddaşın və sosial təcrübənin o dərəcədə ayrılmaz bir ünsürünə çevrilib ki, şəhərin kənarında yerləşən yay evləri dedikdə, bir qayda olaraq, məhz bu söz işlənib.
XIX əsrdə kübar cəmiyyət nümayəndələri yay mövsümünü cah-cəlallı bağlarda keçirirdi. Orta təbəqənin nümayəndələri də oxşar qaydada şəhərin yaxınlığında yerləşən malikanələrdə otaqlar kirayələyirdilər. Bu cür ənənənin yayılması, həmçinin nəqliyyat sisteminin təkmilləşdirilməsi sayəsində baş verib. Oktyabr inqilabından sonra təmtəraqlı mülklər dövlət tərəfindən müsadirə olunaraq sanatoriyalar, istirahət evləri və pioner düşərgələri kimi fəaliyyət göstərməyə başlayıb. Bəzi evlər isə siyasi elita və Sovet İttifaqının “ziyalıları” arasında bölüşdürülüb.Sovet İttifaqının nonkonformist incəsənət üslubunda kənd yerləri şəhər məkanları ilə müqayisədə daha üstün tutulurdu. Bu cərəyan sovet Azərbaycanında XX əsrin 70-ci illərində formalaşan və hazırda “Abşeron incəsənət məktəbi” adı ilə tanınan istiqamət olaraq məhz Abşeron yarımadası ilə sıx bağlı idi. İncəsənətdə həmin cərəyanın qeyri-rəsmi lideri Mircavad Mircavadov idi. Siyasətlə maraqlanmayan və ekzistensializm tərəfdarları olan həmin məktəbin nümayəndələri ümumbəşəri emosiyaları və təəssüratları rəngarəng palitrada əks etdirirdilər. 1996-2007-ci illərdə əsas ilham mənbəyini Abşeron yarımadasından alan “Labirint” qrupu fəaliyyət göstərib. Qrup üzvləri tərk olunmuş sovet tikililərində və Abşeron yarımadasının boş ərazilərində əsasən lend-art üslubunda müvəqqəti əsərlər yaradıblar. Daha sonra keçmiş sovet sanatoriyaları dəbdəbəli çimərlik otellərinə çevrilib. Əraziyə bu cür müdaxilələr ucbatından Abşeron bağlarına xas həyat tərzi, sadə insan münasibətləri və ünsiyyətləri qeybə çəkilməkdədir. Rəssamlar Səbinə Şıxlinskaya və Eldar Əkbərov ərazinin maddi və qeyri-maddi mirasını məhv edən bu cür dəyişiklikləri diqqətlə izləyib əsərləri vasitəsilə onlara reaksiya nümayiş etdirirlər. Səbinə Şıxlinskaya üçün ilham mənbəyi şəxsi təcrübəsi və Abşeron yarımadasında yerləşən ailə bağı ilə əlaqəli xatirələridir. Şəxsi və sosial yaddaş, məhv edilmə və mühafizə konsepsiyaları arasında rabitə haqqında dərin düşüncələrin istinad nöqtəsi olaraq müəllif ailə arxivində saxlanan video və fotomateriallar seçib. O, performativ instalyasiyasında ərsəyə gətirdiyi surəti ağ boya ilə rəngləyib. İlk baxışdan bu hal vandalizm aktı və rəssamın öz əlləri ilə hazırladığı əsəri məhv etmək arzusuna, habelə öz keçmişinin ləğv edilməsinə eyham kimi görünə bilər. Lakin buna rəğmən bu cür hərəkətin nəticəsində yaranan bəyaz kətan özündə yeni fürsətləri ehtiva edən “ağ vərəq” sayıla bilər.
Eldar Əkbərov öz fotoşəkillərində Abşeron bağlarının xarabalıqlarını, demək olar, tibbi qərəzsizliklə təsvir edib: dağılmış evlərin tutqun görüntüləri, istifadəsiz qalan maşınlar, tikintisi bitməmiş metal konstruksiyaları və adam olmayan çimərliklər bərabər paylaşılan işıqlandırma ilə adi çəkiliş rakursundan lentə alınıb. Rəngli plyonkanın müəllif tərəfindən istifadə olunması və qeyd olunan xarabalıqlarda bitən nəbatat tamaşaçıda qayğısızlıq hissləri oyadır və yaxşılığa doğru dəyişikliklərin olacağı ilə bağlı az da olsa ümid verir.Sərgi dekabrın 11-dək davam edəcək.