Bugün, 7 İyunda keçirilməsi planlanan Azərbaycan Qran Prisi günü, bir sıra məşhurların da yarışdığı Virtual Bakı Qran Prisi 3 yarış ilə yenə qəza, həyəcan və bir az da pilotların komanda yoldaşları arasında olan söhbətləriylə gülümsədərək keçdi.
İlk baş tutan 4-cü raunddakı Formula 2 idi. 5 dövrəli Sprint yarışında gərginlik artıq 3-cü dövrədə başlayır – belə ki, 3-cü yer üçün mübarizədə Guanyu Zhou ilə Enaam Ahmed arasında kiçik bir toqquşuma yaranır.
Ən həyəcanlı an isə Louis Deletraz ilə Roberto Merhi arasında finiş xəttinə bir neçə metr məsafədə bir anlıq yanaşı gəlmələri ilə yaranır. Bundan sonra bolidlər yüngülcə toqquşur və Roberto getdiyi istiqamətdən yayınaraq 1-ciliyi Louis-ə verməli olur, bununla belə ikinciliyi özündə saxlayır. 3-cü yerə isə son anda Guanyu sahib çıxır.
Ardınca baş tutan F1 Esports Pro Exhibition yarışı 13 dövrə üzrə davam edir. 1-ci yerə Jarno Opmeer, 2-yə Lukas Blakeley və 3-cü yerə David Tonizza çıxır.
Formula 1 üzrə Virtual Qran-Pri həqiqi yarış məsafəsinin 50%-i, zədələnmənin olmadığı və bütün bolidlərin eyni texniki keyfiyyətlərə malik olması şərtləri ilə keçirildi. Yarışda ilk qəzanı 2-ci dövrədə Sergio Perez divarla çarpışaraq öz adına yazır. Həqiqi qəza baş verdikdə oyuna davamı mümkün olmasa da, bu virtual müsabiqədə zədələnmə opsiyası aktiv olmadığından mübarizəyə qəza olmamış kimi sadəcə vaxt itkisiylə davam edir. 10-cu dövrədə futbolçu Aymeric Laporte qəza edərək özünü 7 saniyə geriyə atır. Növbəti dövrənin 10-cu döngəsində isə Pierre Gasly divarla çarpışaraq 2.5 saniyə geriləyir.
Artıq 20-ci dövrə gəldikdə çox zaman xətaların baş verdiyi 1-ci döngədə Jimmy Broadbent Thibaut Courtois-i ötüb keçdikdən sonra ikincisi qəfil yolundan çıxır, beləcə bu səhvi 4.5 saniyə itki ilə nəticələnir.
Yarışı 3-cülüklə Esteban Gutierrez tamamlayır. ‘DHL Ən Sürətli Dövrə’ nailliyəti Louis Deletraz-a məxsus olur. 10-cü dövrədən bəri 2-ci yerdə olan Alex Albon sona qədər yerini saxlayır. Aldığı 3 saniyə cəza ilə ümumilikdə 1-ci yerdən 6.8 saniyə uzaqda qalır.
Birincilik isə, Virtual Qran-Pri sezonunda ard-arda 3-cü qalibiyyətini qazanan Williams komandasından olan George Russell-a müvəffəq olur. Şərhçi Alex Jacques-in hələ finişə saniyələr qala dediyi kimi – Bakı şəhər halqasını sevən George Russell bu mübarizədən sonra onu daha çox sevəcək…
Müəllif: Nurlan Tahirli
Şəkillər: Formula 1 canlı yayımından rəqəmsal görüntülər əldə edilərək alınmışdır