Bu yaxınlarda Heydər Əliyev zirvəsinə yürüşdə iştirak etdim.

May ayının 8-i səhər saat 8:00-da Olimpiya mərkəzindən dəstə şəklində yola düşdük, və bir neçə saat sonra artıq Qubanın Qımılqazma kəndində idik. Yolun qalan hissəsini “Niva” markalı avtomobillə getməli olduq. Sürücümüz Məlik kişi ilə yol boyu işlədiyi idarədən, aldığı 110 manatlıq maaşından, kiçik təsərrüfatla məşğul olmağından, kənd yerində kiçik məbləğlərlə də həyatın mümkün olduğundan danışdıq. Sürücümüz üçün doğma olan qədim Xınalıq kəndini də keçdikdən sonra Şahdaq dövlət qoruğunun keçid məntəqəsinə çatdıq. Vəsiqələrimiz yoxlanıldıqdan və təlimatlar verildikdən sonra 70 nəfərdən ibarət tam heyətlə otuza yaxın avtomobil ilə yolumuza davam etdik. Növbəti yoxlanış Dövlət Sərhəd Xidməti tərəfindən keçirildi. Vəsiqələr bir-bir yoxlanılırdı, kifayət qədər ləngidik. Mən artıq bütün həvəsimi itirmək üzrə idim, lakin zirvə arzusu mənə səbrli olmaq üçün motivasiya idi. İrəlilədik Təxminən 500 metr sonra maşınlar bir daha dayandı. Ən lazımlı əşyalarımı götürərək zirvəyə doğru ilk addımlarımızı atdıq… Çantam çox ağır idi. İlk başlarda fikir verməsəmdə, irəlilədikcə, addımlarım ağırlaşmağa başladı, və mən başa düşdüm ki, məni çox çətin bir yürüş gözləyir. Ekspedisiyanın sonunda olmaq, qabaqdakıların səndən sürətlə uzaqlaşdığını görmək insanın həvəsini sındırırdı. Stimul kimi kiçik məsafə kəsiklərini özümə hədəf etdim. Hər 40 addımdan bir dayanıb, nəfəsimi tənzimləyirdim. Hərdən o 40 addımı son güc ilə keçirdim, hərdənsə keçməmiş dayanmaqa məcbur olurdum. Aclıq və təzyiq fərqi vəziyyəti daha da çətinləşdirirdi. Mənim üçün əsl stimul əlimdəki kamera, motivasiya verən tək şey isə zirvədə məni gözləyən mənzərə idi. Hədəf 3751 idi! Çətin və uzun yoldan sonra, nəhayət ki, saat 17:00-da düşərgəyə mən də çata bildim. Dostum İlqarı tapdım. Burada məni xoşagəlməz bir sürpriz gözləyirdi! Hər kəsin özünə məxsus çadırı var idi. Çadırsız və çarəsiz olduğumuzu anlayan bir nəfər bizə öz çadırını təklif etdi, özü isə dostunun çadırında qala biləcəyini bildirdi. Ona təşəkkür edib çadıra yerləşdik.(Yaxşı insanların var olduğunu görmək çox sevindirici hisslər bəxş edir). Yemək yedikdən sonra hamımız toplandıq. Belçikadan gələn qonaqlarla birgə sayımız 70-ə yaxın idi. Bələdçi səhər 7-də zirvəyə yola düşəcəyimizi bildirdi. Yol hələ heç başlamayıbmış… Hava aydın və buludsuz idi, gecə yaxınlaşırdı. Bir neçə saat yatıb gecə çəkilişi etməyi planlaşdırırdım. Gecə saat 4də saatın səsindən deyil, soyuqdan oyandım. Anladım ki, yay çadırında yatıram və belə davam etsə nəinki zirvəyə çıxmağım, çadırdan çıxmağım belə belə sual altındadır… 2 saat sonra bələdçinin fit səsinə yenə oyandım. Hava küləkli və soyuq idi, üstəlik ayaqlarım ağrayırdı. Lakin hədəf bəlli idi və prinsipial biri olaraq mən hədəfə çatmalı idim! Yola düşmək üçün 60 nəfər isti geyim, əl tutacaqları, dağ ayaqqabısı daxil, tam geyimdə hazır idi.Mən isə özümü psixoloji olaraq hazırlamağa başlayırdım. Çünki yorğun halımla əlimdə kamera ilə hamıdan öndə getməli, müxtəlif yüksəkliklərdən foto-çəkiliş həyata keçirməli idim. Üstəlik hər addımımı hesablamalı idim. Kiçik bir səhvə yol verdiyim anda ayağımın altından daşlar sürüşüb, aşağıdaki insanlara xəsarət yetirə bilərdi. Qızıl qayanın ətəyində, 45 dərəcəli yoxuşu qalxarkən, qəflətən ayağımın altından iri daş parçası sürüşüb aşağı doğru dığırlanmağa başladı. Geriyə baxdım, çox həyacanlı idim. Yaxşı ki, daş qaya parçasına dəyib, dayandı. Gözləməyə başladım ki, hamı keçsin. 30 Dəqiqə sıldırım qayada tərpənmədən gözləməli oldum. Külək çox güclü əsirdi və hərdən məni aşağı doğru itələyirdi. Bütün gücüm ilə mübarizə aparırdım. Hamı keçdikdən sonra yenə sürətlə irəliləməyə başladım. Artıq yer qar və buz idi. Nəfəs almaq çətinləşirdi. Başa düşdüm ki, zirvəyə gedən yolun ən çətin hissəsi hələ indi başlayır… Çox çətin olduğuna baxmayaraq, nəhayət ki, zirvəyə çatdıq. Mənzərə inanılmaz idi. O mənzərənin qarşısında özümü çox üstün hiss edirdim. Ətrafda daha hündür heç nə yox idi. Üstəlik, mən bacarmışdım. Bu zirvəyə qalxmaqı, özüm-özümə qalib gəlmişdim. Onun gözəlliyini 3751 metrdən kameramın obyektivinə həbs etmişdim… Mən birinci dəfə idi ki, zirvəyə qalxırdım. Bu mənim üçün böyük təcrübə idi. Böyük dəstə şəklində səyahət, macəralar, dağ havası, 25 dərəcə istidə yağan qar, gözəl mənzərələr və daha nələr nələr… Müxtəlif insanlarla tanış oldum. Onlardan biri mənim fotoqraf fəaliyyətim üçün orada hər bir şərait yaradan bələdçimiz İlqar bəy idi. İlqar bəy həmin insandır ki, zirvəyə aparan yol boyu insanlar dumanda itməsinlər, istiqamətlərini düz götürsünlər deyə bayraqlar düzüb. Ona və məni bu yürüş haqqında öncədən məlumatlandıran, AFB-nin sədri Mirnaib bəyə dərin təşəkkürlərimi bildirirəm. Heydər Əliyev zirvəsinə Azərbaycan Fotoqrafları Birliyində artıq ənənə halını almış AFB-nin bayraqını Heydər Əliyev zirvəsinə qaldırmaq bu il bizə nəsib oldu. Səyahətim boyunca çəkdiyim şəkilləri sizinlə paylaşıram ki, siz də Heydər zirvəsinə yürüş etməyim hədər olmadığını görəsiniz.