HACI AKIF AQAYEV PORTRET04

Hacı Akif Ağayev  (1946-2008)

 Akif  Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən “Bakı” qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o “Bakı” qəzetinin “Mədəniyyət və İncəsənət” şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan “Axtarışlar və tapıntılar” silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi “Qızıl qələm” mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir. Bir neçə kitabın tərtibatçısı və müəllifidir. Akif Ağayev tanınmış foto ustası kimi respublika və beynəlxalq miqyaslı fotomüsabiqə və sərgilərinin iştirakçısı olmuşdur. Onun işlərindən biri isə hətta Yunanıstatın Saloniki şəhərində keçirilən beynəlxalq foto sərgisinin devizi seçilmişdir. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi onu “Danila Moskovski” ordeni ilə təltif etmişdir. 2003-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi mükafatı olan “İlin Fotoqrafı” adına layiq görülmüşdür. 30 mart 2008-ci ildə, uzun sürən xəstəlikdən Bakıda vəfat etmişdir. 2009-cu il yanvarın 8-də Azərbaycan Fotoqraflar Birliyi tərəfindən Fransa Mədəniyyət Mərkəzində Akif Ağayevin fərdi fotosərgisini keçirmişdir.