Bütün ömrünü fotoya həsr edən Kamal Babayevlə tanış olduq. Kamal Babayev Azərbaycan Fotoqraflar Birliyinin, Jurnalistlər Birliyinin üzvüdür. 2014 – cü ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi adına layiq görülüb.

90 illik ömrünü fotolara həsr edən insan…

“Dayım həvəskar fotoqraf idi. Hərdən məni yanına çağırır, şəkilləri çıxartmaqda ona kömək eləməyimi istəyirdi. Sonra dayımla birgə çəkilən fotoları qırmızı işıqda aydınlaşdırırdıq.

Qardaşım Moskvadan qayıdanda mənə “Kodak” markalı fotoaparat alıb gətirmişdi. Bir neçə şəkil çəkdim və o zamandan fotoya bağlandım. Tələbəlik illərində hər gün fotoaparatımla maraqlı kadrlar tutmağa çalışırdım. 1953 – cü ildən artıq istədiyim kimi, gözəl fotolar çəkirdim.

…Yazıçı Hüseyn Abbaszadənin köməkliyi ilə “Pioner” jurnalında fotoqraf kimi işə başladım. Jurnalın redaktoru Zeynal Cabbarzadə mənə ilk olaraq jurnalın üzqabığı üçün şəkil çəkməyi tapşırdı. Qurduğum kompozisiyanı bütün redaksiya çox bəyəndi. Daha sonra jurnalın hər sayı üçün kompozisiya qururdum.

Muzeydə davam edən ömür…

Zeynal Cabbarzadənin tapşırığı ilə İncəsənət Muzeyində rəssamların əsərlərini çəkdim. Muzeydə çəkdiyim fotoları rəhbərlik bəyəndi.Və beləliklə, İncəsənət muzeyində işə başladım.

Uşaqlıqdan rəssamlığa da həvəsim var idi. İncəsənət muzeyində rəssamlarla birgə fəaliyyətim mənim üçün çox maraqlı idi. Elə muzeydən də təqaüdə çıxdım. Muzey mənim sonuncu iş ünvanım oldu…

Mükafatlar…

Sonra isə öz fotolarımı müsabiqələrə göndərdim…”

Kamal Babayev 1986-cı ildə İsveçdə, Almaniyada keçirilmiş fotomüsabiqələrdə diplomla mükafatlanır. 1987-ci ildə “Nauka i jizn” jurnalının mükafatını alır – 3-cü yer tutaraq “Kiyev” fotoaparatı ilə hədiyyələnir. Və elə həmən jurnalda 3 məqaləsi dərc olunur. 1988-ci ildə “Sovetskoe foto” jurnalının 1-ci mükafatı ilə 1-ci yerin qalibi olur.

Daha sonra Kamal Babayev 1990-cı illərdə Moskvada çıxan “Panorama Azərbaycana” qəzeti ilə əməkdaşlıq edir. Adıçəkilən qəzetdə fotoşəkil və məqalələri dərc olunur. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş “Master i Marqarita” müsabiqəsinin və “Serdse” müsabiqəsinin diplomlarını alır. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış “Azərbaycan fotoqraflarının əsərləri” sərgisində bir neçə əsəri ilə çıxış edir. “Azərbaycan Elmlər Akademiyası” fotoalbomunun müəllifidir.

Nazim Hikmət Kamal Babayevin fotosunda…

Kamal Babayev yaradıcılığında bir də məşhur simaların portret fotoları geniş yer tutur. Səttar Bəhlulzadə, Lətif Kərimov, Həsən Seyidbəyli, Toğrul Nərimanbəyov, Məmməd Araz, Ziya Bünyadov, Heydər Əliyev…

Kamal müəllimin zəngin fotoarxivində bir də əvəzsiz Türk şairi Nazim Hikmətin fotolarına rast gəldik. Kamal müəllimdən Nazim Hikmətlə olan tanışlığın qısa tarixcəsi haqqında danışmağı xahiş etdik…

“Bir gün Zeynal Cabbarzadə məni təcili yanına çağırdı. Dedi ki, jurnalın bu sayında Nazim Hikmətin əsərləri yer alacaq və bizə Nazim Hikmətin fotosu lazımdı. Təcili Mərdəkana gedib, şairin fotosunu çəkməlisən. O zaman Nazim Hikmət Mərdəkanda yerləşən sağlamlıq mərkəzində istirahət edirdi. Nazim Hikmət payızı və Mərdəkanı çox sevirdi. Ona görə hər il orda dincəlirdi. Bizim bir çox şairlər, yazarlar da məhz Nazim Hikmət orda olan vaxtı Mərdəkanda dincəlirdilər.

Zeynal Cabbarzadə ilə birgə Nazim Hikmətin qaldığı otağa getdik. Orada Nazimlə Moskvadan gəlmiş şəxsi həkimi Qalina Qriqoryevna onun səhhətinin qayğısına qalırdı. Nazimi ziyarətə gələnlər hətta o qadından çəkinirdilər. O heç kimin Nazimi yormasına, incitməsinə icazə vermirdi. Qalina xanım mənə yer göstərdi, əyləşdim.

O otaq indi də yadımda qalıb. Bəlkə də, bu rəssam, fotoqraf olmağımla bağlıdı. Nazim Hikmətin otağında, masanın üzərində 3 dənə iri nar və kiçik güldanda 3 dənə gül var idi. Bu görüntü diqqətimi cəlb elədi. İlk olaraq onların fotosunu çəkdim. Nazim Hikmət isə yatağında uzanmışdı. Ətrafında çoxlu qəzetlər var idi.

Nazim Hikmətin çox gözəl səsi var idi. Çox gözəl insan idi. Çox səliqəli insan idi. Xarici görünüşü də çox diqqət çəkən idi. Təkcə mənimlə yox, ətrafında olan, tanıdığı – tanımadığı bütün insanlarla səmimi münasibət qururdu. Qalina xanım çəkilişin uzun sürməməsini, onu yormamağı xahis etdi. Nazim Hikmətin mənə ilk sualı “Ailən, uşağın varmı?” oldu. Daha sonra ailəm, valideynlərim haqqında mənə suallar verdi. 40 – 50 dəqiqə mənimlə söhbət elədi.

Fotolarını çəkmək üçün məxsusi olaraq hazırlaşdı. İki fotosunu çəkdim. Fotoları çəkəndən sonra mənə bir xahişi olduğunu bildirdi. Fotoları redaksiyaya verməzdən öncə baxmaq istədiyini dedi. Razılaşdım, amma daxilən çox pis oldum. Fikirləşdim ki, əgər fotoları bəyənməsə özündə olan fotonu verəcək redaksiyaya. Səhəri gün hər iki şəkillə yenidən Mərdəkana getdim. Fotoları görən kimi çox bəyəndiyini dedi. Sonra şəkilləri Qalina xanıma göstərdi. O da şəkilləri bəyəndi. Sonra Nazim Hikmət fotodan 500 ədəd yenidən çıxardıb, ona verməmi istədi. Özündə olan, bəyəndiyi şəkilləri bir çox redaksiyayaların aparıb, qaytarmadığını, bundan sonra bütün qəzetlərə, redaksiyalara bu şəkili verəcəyini bildirdi. Daha sonra məndən sonuncu istədiyini dedi. Onunla eyni korpusda olan və şəkil çəkdirmək istəyən bütün yazıçılarla birgə şəkilini çəkməyimi istədi.

Şəkilləri o qədər bəyənmişdi ki, mənə seçilmiş əsərlərindən ibarət olan kitabını hədiyyə etdi və üstünə “Bəni bəndən yaxşı çıxaran Kamal yoldaşa” yazdı. Mənim çəkdiyim və onun da bəyəndiyi 500 fotodan birini götürərək üzərinə “Dünya cocuklarının mutluluğu üçün həmişə hazır ol”… sözlərini yazdı…”

Çəkmək istədiyim foto…

Kamal Babayevin çəkdiyi fotoları III qrupa bölmək olar: I qrup – Abşeron bağları, uşaqlar; II qrup – məşhur simaların portretləri; III qrup – rəssamlarla birgə fəaliyyət. Kamal Babayev dedi ki, I qrupla işləmək daha rahatdı.

“Uşaqlarla işləmək mənə həmişə xoş olub. Onlarla işləyəndə yorulmurdum. Bəlkə də bu ilk dəfə işə “Pioner” jurnalında başlamağımla əlaqədardı. Bir də Abşeron bağlarında işləməkdən həmişə zövq almışam. Abşeron çimərliyində, bağlarında uşaqlarla bağlı çoxlu maraqlı kompozisiyalar qurmuşam. Abşeron mənim üçün ən rahat yer olub. Bu həm fotolarımda, həm də rəsm əsərlərimdə aydın hiss olunur. Bir gün bir tərbiyəçi uşaqları çimərliyə gətirmişdi. Uşaqlar növbə ilə qumda uzanıb, dənizə girirdilər. Kənardan tərbiyəçinin uşaqları nəzərimdə tutduğum düzülüşdə düzməsini gözləyirdim. Uzun zamandan sonra nəhayət ki, uşaqlar mənim istədiyim kimi düzüldü və tez həmin anı fotoya köçürdüm. Həmin foto ən çox sevdiyim, bəyəndiyim fotolarımdan oldu…”

“İndi ən çox hansı fotonu çəkmək istərdiniz” deyə sorduq. Kamal müəllim “Səhhətim imkan versəydi, yenə Abşerona gedərdim, qayaları, dənizi, uşaqların fotolarını yenə də əvvəlki kimi çəkərdim”… dedi.

İnciklik…

Söhbət əsnasında 90 illik yubileyinin qeyd olunmamasına toxunuruq. Buna görə bir az incidiyini hiss etdik. Amma o heç kimi günahlandırmır, heç kimdən küsmür. 70, 80 illik yubileyləri ərəfəsində Fotoqraflar Birliyi tərəfindən və dostu, həmkarı Mehdi Abbasovun təşkilatçılığı ilə foto sərgiləri təşkil olub.

Ailədə sənətini davam etdirən birilərinin olduğu ilə maraqlandıqda, “heç kim” – dedi. Zəngin fotoarxini isə həmkarı, dostu Mehdi Abbasova təqdim edəcək.

90 illik ömründə bir neçə kitablar, foto dərsliklər yazan Kamal müəllim hal – hazırda yeni, şəxsi yaradıcılığını əks etdirən ikinci kitab üzərində çalışır. Və bu kitabın çap olunmasında bəzi maddi çətinliklərin olduğunu qeyd etdi.

Kamal Babayevin SEVİLİ…

Kamal müəllimlə ailəsi haqqında danışmaq istədik. Söhbət əsnasında məlum oldu ki, Kamal müəllimin həyat yoldaşı – Sevil xanım dünyasını dəyişib…  Kamal müəllim hələ də bu ayrılığı qəbul edə bilmir və hələ də Sevil xanımın adı çəkiləndə, rəsmlərini görəndə göz yaşlarına hakim ola bilmir…

“Bu dünyada ən gözəl qadın fotom Sevil xanım olduğu fotolardı” – deyir, Kamal müəllim…

Nigar Adil

http://olaylar.az/news/musahibe/227295

 

Leave a Reply