Masallı Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə “EV: Embracing Variety” – “Müxtəlifliyə qucaq açaq” adlı səyyar sərginin açılış mərasimi baş tutub.

Sərgi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə reallaşdırılıb. Layihə ölkəmizdə mövcud olan etnik və mədəni müxtəlifliyi əks etdirmək, multikulturalizm dəyərlərini önə çəkmək və cəmiyyətdə tolerantlıq mühitini daha da gücləndirmək məqsədi daşıyır.

Açılış mərasimində Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir azsaylı xalqların folklor kollektivlərinin ifasında təqdim olunan rəngarəng konsert proqramı ilə başlayıb. Ardınca Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan tanınmış rəssamların rəngkarlıq və qrafika əsərləri, habelə Azərbaycan Fotoqrafları Birliyinin seçilmiş foto nümunələri nümayiş etdirilib.

Sərgi çərçivəsində “Əks səda” adlı installyasiya da tamaşaçılara təqdim olunub. Güzgülər, neon və ultrabənövşəyi boya ilə hazırlanmış bu sənət işi müxtəlif xalqların dillərində yazılmış mesajları əks etdirir. Güzgü izləyicini Azərbaycanın multikultural kimliyinin bir hissəsi kimi əks etdirir, şəffaf dairələr mədəniyyətlərarası açıq və sərhədsiz əlaqələri simvolizə edir, ultrabənövşəyi boyalar isə görünməyən, lakin möhkəm mədəni bağları vurğulayır.

Eyni zamanda Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Xalq artisti Murad Hüseynovun rəhbərliyi ilə gənc musiqiçilər üçün ustad dərsləri keçirilib.

Leave a Reply