keyvisual-F1_KV_website_941x466-01

Bu gün, çəkilən bir neçə illik zəhmətin və məsuliyyətin bəhrəsinin – parlaq günəşli Bakıda 17-19iyun da ilk dəfə baş tutan möhtəşəm Formula 1 yarışının şahidi olduq.

Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək təntənəli açılış mərasiminə və sürət həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa etdi. Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki olduğunu təsdiq etdi!

2016-cı il Formula 1 Avropa Qran Prisi

Niko Rosberq Azərbaycanın paytaxtı Bakıda bu il ilk dəfə təşkil olunan Formula 1 Avropa Qran Prisində hamından üstün nəticə göstərərək, dünya çempionatındakı liderliyini qoruyub saxlamağa müvəffəq oldu.

Mercedes AMG Petronas komandasının pilotu pol pozisiyasından öndə başlayaraq yarış ərzində və yeni şəhər trekinin 51 dövrəsinin hər birində liderliyini qoruyub saxlamağı bacardı. Onun bu tarixi qələbəsinin əhəmiyyətini daha da artırmaq üçün çempionluq uğrunda əzəli rəqibi və komanda yoldaşı Luis Hamiltonun yarışı beşinci yerdə bitirdiyini vurğulamaq yerinə düşər.

Rosberqin bu qələbəsi Rusiyadakı yarışdan sonra əldə etdiyi ən yüksək nəticə və mövsümdəki beşinci qələbəsi oldu. Beləliklə, Rosberq pilotların cədvəlində öz komanda yoldaşı ilə arasında olan fərqi 24-ə çıxardı.

Ferrari komandasının pilotu Sebastian Fettel ardıcıl olaraq ikinci dəfə yarışı ikinci yerdə başa vurdu. Üçüncü yerin sahibi Force İndia heyətinin pilotu Serxio Perez yaddaqalan yarış üslubu ilə üçüncü yer uğrunda mübarizədə parlaq qələbə qazandı.

Təəssüflə qeyd etməliyik ki, 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi seçilmiş Fernando Alonso finişə yeddi dövrə qalmış McLaren Honda tərəfindən qaraja geri çağrılaraq Bakıda keçirdiyi ilk yarışdan məyusedici nəticə ilə ayrılmalı oldu.

FİA Formula 1 Dünya Çempionatının ən yeni mərhələsində yarış həyəcanı yenidən şəhər trekinə geri döndü və bu həftə sonu dünyanın ən məşhur pilotları Azərbaycana – Odlar Yurdu kimi tanınan ölkəmizə təşrif buyurdu. Bakı dayanmadan inkişafa doğru can atan bir şəhər olmaqla yanaşı, öz zəngin
tarixi irsini qoruyub saxlayır.
2016-cı il Formula 1 Avropa Qran Prisinin kuboku xüsusi dizayna malikdir. Bu kubok keçmişlə gələcəyin, müasirliklə qədimiliyin vəhdətini özündə əks etdirən, o cümlədən, dünyanın ən dəbdəbəli və həyəcanlı idman növünə ev sahibliyi edən nadir məkanı – Bakını simvolizə edir.

Bakını digər şəhərlərdən fərqləndirən cəhət burada YUNESKOnun mühafizə edilən mədəni irs nümunələri siyahısına daxil edilmiş valehedici İçəri Şəhər kompleksinin, o cümlədən elit dizayner şirkətlərinə aid geyim mağazalarının,gözəl restoranların və barların, həmçinin, şəhərə təkrarolunmaz  əhvalruhiyyə bəxş edən ecazkar memarlıq nümunələri ilə əhatə olunmuş mərkəzi küçələrinin olmasıdır. Bu səbəblərdən, Bakını “Şərqin Parisi” adlandırırlar.
Yuxarıda sadaladığımız cəhətlər Bakıda keçirilən ilk Formula 1 yarışı üçün hazırlanmış, üçü qalib pilotlara və biri konstruktorlar kubokunun qalibi olmuş komandaya təqdim olunan dörd gümüş kubokun dizaynının hazırlanmasında öz əksini tapıb.

Kubokun dizaynına ön tərəfdən nəzər salsaq görərik ki, o, gümüş sütunun içərisində bükülmüş ənənəvi xalçanı və içəridən Azərbaycanın rəmzi sayılan alov effektini yaradan qırmızı qızılla cilalanmış təbəqəni özündə birləşdirir. Bu sütun öz növbəsində Xəzər dənizini əks etdirən və qələbənin rəmzi sayılan dəfnə həkk olunmuş minalı dəniz təbəqəsinin üzərində yerləşir. Gümüş təməlin üzərində, həmçinin, milli bayrağımızın rənglərini canlandıran üç rəngli halqa və öndə həkk olunmuş F1® loqotipi var.

Bu kubokun forması və dizaynı xüsusi olaraq, ölkəmizin tarixi irsini və mənsubiyyətini əks etdirmək üçün yaradılıb və Od, Külək və Suyun rəmzlərini təcəssüm etdirən,  həmçinin, Birlik və və Tərəqqi konsepsiyaları əsasında yaranan milli simvolik elementlərin bədii təsvirini özündə cəmləşdirir. Bununla da, kubok bütün sadalanan elemenləri özündə birləşdirərək, Azərbaycan xalqının həyat sevgisini, gücünü, həmrəyliyini və məğrurluğunu nümayiş etdirir.

Fotoqraf Fərqanə Qasımlının qalareyası:

Fotoqraf Nail Əhmədovun qalareyası:

Fotoqraf Tural Cəfərovun qalareyası: