“Ölkə.Az” oxucularına Afrika ölkəsi Uqanda haqqında xatirələri çatdırır.
Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa – o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.
Su ilə də bağlı eyni vəziyyətdir. Otelimiz yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə su yoxdur, suyu kanistrlərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.
Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s.
Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi “otur ağla” silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.
Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü “axşam məktəbi” fəaliyyət göstərir.

Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 USD alırdı.
İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra “bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir” deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: “Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı”.
Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir.
Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.
Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur.

Ən yaddaqalan xoşagəlməz məqamlardan biri – iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). “Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?” Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.
Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa “ağ adam”a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast əlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyimi hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da – kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşaqlı ailələr də çoxdur.
Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində – daha az.
Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola ya olmaya.

Rəsmi dil – ingilis dilidir. Amma anlaşılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialekt də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda – suahili dilində.
Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri… Yox idilər.
Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa – Uqandanı mütləq bəyənəcəksiz.
Hikmət Həsənov
Ölkə.Az