Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Dünən Bakı Olimpiya Stadionunda Oyunların rəsmi açılış mərasimi baş tutdu.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Prezident İlham Əliyev Oyunların əhəmiyyətini belə xarakterizə edir: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatır. Və bununla da atletlərin paradı başlayır. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olur. İdmançıları əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edir.

Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi – Azərbaycan komandası daxil olur. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparır. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançılarını hərarətlə salamlayırlar və oyunları açıq elan edir. Stadionu alqış səsləri bürüyür. Atəşfəşanlıq başlayır və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurur.

Möhtəşəm və bənzərsiz, dərin mənalı açılış mərasimi “Sülh” səhnəsi ilə başa çatır. Tamaşaçı bu hekayənin başladığı məkana – sakit Filarmoniya bağına qayıdır.

Mina ürəkdolusu sevinclə babası ilə görüşür. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən qızcığaz öz bələdçi dostunu – çərpələngini yeni səyahətə yollayır ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlanır.

Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları altında tamaşaçılar Mina və onun babası ilə vidalaşırlar.

Mərasim Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitir. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu səsləndirildiyi zaman stadion üzərində səma əlvan rənglərə boyanır.

Rəngbərəng fişənglər Bakı bulvarı boyunca Xəzər sularını nura boyayır.

FOTO: İlkin Səlifov