15 mart 2017-ci il tarixində Azərbaycanda Fransız İnstitutunda (IFA) “Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi çərçivəsində Azərbaycanın tanınmış fotoqraflarından olan Eldar Əkbərovun “Fotoqrafiya sənətində estetika. Tamaşaçının qavrayış aspektləri “ adlı mühazirəsi keçiriləcəkdir. İnisiativ Kuratorlar Birliyinin (İCU) təşəbbüsü ilə təşkil olunan mühazirə fotoqrafiya sənətinin estetik məsələlərinə və estetik qavrayış aspektlərinə həsr olunaraq Eldar Əkbərovun bu sahədəki zəngin şəxsi təcrübə və görüşlərini, bu sahədə işləyən məşhur fotoqraflar barədə, eləcə də texniki və praktiki biliklərini geniş kütləyə çatdırmağı hədəfləyir. IFA dəstəyilə keçirilən mühazirə bu silsilənin bağlanış tədbiridir.

Mühazirə martın 15-i saat 19:00-da başlayacaqdır. Davam etmə müddəti iki saat, mühazirənin dili rus dilidir, fransız dilinə tərcümə nəzərdə tutulmuşdur. Giriş sərbəstdir, yerlər məhduddur.

“Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi fotoqrafiya ustadları ilə ictimai müzakirələr, görüş və mühazirələr vasitəsi ilə bu sahəyə xas əsas xüsusiyyətləri və aktual məsələləri, eləcə də sosial və bədii fenomen kimi fotoqrafiyanı hərtərəfli nəzərdən keçirmək məqsədi daşıyır. Mart ayı ərzində üç Azərbaycan fotoqrafı Sənan Ələsgərov, Eldar Əkbərov və Rüfət Abas ilə keçirilən mühazirələr silsiləsi peşəkar auditoriyaya və geniş kütləyə fotoqrafiyada estetik məsələlər, texnika keyfiyyəti və fotoqrafın bir rəssam-ustad kimi təhlili ilə bağlı mövzulara toxunmaq imkanı verəcək. Bu üç fotoqraf auditoriyanı sadəcə nəzəri biliklər dünyasına aparmaqda qalmayacaq, eyni zamanda şəxsi təcrübələrindən danışacaq, onların “şəxsi əhatəsinə” girməyə imkan yaradaraq, yaradıcılar və tamaşaçılar arasında dialoqun baş tutmasına xidmət edəcək.

Bu layihə İnisiativ Kuratorlar Birliyi (ICU) və Azərbaycanda Fransız İnstitutunun (IFA) tərədaşlığı ilə “Azərbaycanda mədəniyyət laboratoriyasının yaradılmasına texniki dəstək” layihəsinin bir hissəsi olaraq keçirilir. Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.