“İslamınSesi” İnformasiya Portalı oxucularına yeni, “Kadrdan Kənar” foto layihəsini təqdim edir. Bu layihəni ərsəyə gətirməkdə məqsəd Azərbaycanın kifayət qədər tanınan, peşəsində müəyyən uğurlar qazanan fotoqraflarının kadrdan kənar düşüncələrini oxuculara təqdim etməkdir. Yeni layihəmizin ilk qonağı bir çox media orqanlarında çalışan, maraqlı və eksklüziv fotoları ilə uğur qazanan fotoqraf Orxan Əzim oldu.

Orxan Əzim haqda qısa tanıtım: “2004-2008-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində rejissorluq fakültəsinin, televiziya rejissorluğu ixtisası üzrə təhsil alıb. İxtisası üzrə 2007-2010-cu illərdə Azərbaycan televiziyasında praktika keçib. 2012-ci ildə fotoqraf kimi mediaya gəlib və Ann.az saytında fəaliyyətə başlayıb”.“İslaminSesi” Orxan Əzimlə müsahibəni təqdim edir.– Yaxşı fotoqraf kimi yetişmək üçün təhsil önəmlidir, yoxsa daxili istedad, qabiliyyət, yaxud fikir və ideyanın güclü olması kifayətdir?
– Əvvəla qeyd edim ki, fotoqrafiya özündə 10-dan çox janrı birləşdirir. Məsələn sənədli janırda “ fotoya bu prizmadan yanaşsam yaxşı olar” teoriyası qəbul edilmir. Bu artıq bədii fotoqrafiyaya aiddir. Sənədli janr üzrə işləyənlər ayrı, fashion və toy janrı işləyənlər tam fərqli… Peşəkar olmaq üçün ilk növbədə mütaliə etmək lazımdır. Mütaliə etdikcə də, oxuduqlarını vizual olaraq beyində canlandırmağı bacarmaq vacibdir. Hesab edirəm ki, foto sənətində həm nəzəriyyənin, həm də praktikanın olması mütləqdir. Belə deyək! Mən hər hansı bir məkanda foto çəkirəm. Çəkdiyim fotoda işığın hansı istiqamətdə düşdüyünü və kadra nə dərəcədə maneə yaratdığını bilmək üçün mütləq nəzəriyyəm olmalıdır. Amma iş prosesində isə praktikanın olması çox vacibdir. Yəni yarı-yarıya həm praktikanın, həm də nəzəriyyənin olması önəmlidir. İkincisi isə yaxşı fotoqraf kimi yetişmək üçün daim axtarışda olmaq, tənqidi normal qarşılamaq və nəticə çıxarmaq lazımdır. Təəssüflər olsun ki, bizdə bir az tanınan kimi tənqidə dözümsüz yanaşırlar. Bu təxminən 70-80 faiz fotoqraflara aiddir. Bu isə inkişafa əngəl olan amillərdəndir.


– Azərbaycan mühiti peşənizdə nə isə yeniliklər etməkdə sizə maneə yaradır? Heç düşünmüsünüz ki, Azərbaycandan kənarda (inkişaf etmiş ölkələrin birində) yaşasaydız öz peşənizdə daha çox uğur qazanardız?
– Mən həmişə deyirəm ki, çox yox, heç olmasa bir az Azərbaycandan kənarda doğulardım. (red. ən azı Gürcüstanda). Fikirləşirəm ki, sırf bizim janrda (red. sənədli janrı nəzərdə tutur) məhdudiyyətlər çoxdur. Bu dəqiqə media çox çərçivəyə salınıb. Yəni qırmızı xətti bir az da daraldıblar. Bu həm mediada, həm də foto sahəsində belədir. Biz yataqxanalardan birinə gedib reportaj etmək istəyirik. Bilirik ki, burada vəziyyət acınacaqlıdır. Lakin içəridən bir neçə nəfər çıxıb deyir ki, burada hər şey yaxşıdır. Amma biz yenə də gördüyümüzü çəkirik. Çəkdikdən sonra isə cəmi 10 faiz media orqanı tapılır ki, reportajı yayımlamağa razı olsun. Bu kimi səbəblər

yaradıcı insanı həm çərçivəyə salır, həm də həvəsini öldürür. Bütün dünyada dövlətlər müştərək iş sistemi qururlar. Məsələn Gürcüstan, Türkiyə, İran, Azərbaycan fotoqrafları ortaq iş ərsəyə gətirmək istəyirlər. Aydındır ki, Gürcüstanda Abxaziya, Azərbaycanda isə Qarabağ problemi mövcuddur. İndi təsəvvür edin biz cəbhəyanı bölgəyə getsək, istədiyimizi çəkməyə imkan verilməyəcək, maneə yaradılacaq. Bu zaman isə istədiyimiz reportaji verə bilmiyəcəyik. Belə problemlər biz fotoqrafları həvəsdən salır.
– Bu gün demək olar ki, əksər insanlar “foto çəkməyə nə var ki, aparatı al əlinə çək” deyə düşüncə sərgiləyirlər. Bu yanaşma nə dərəcədə doğrudur?. Ümumiyyətlə peşəkar fotoqrafı, həvəskardan necə ayırmaq olar?
-Qaynar xəbər fotoqrafiyasında peşəkar, yaxud qeyri-peşəkar anlayışı yoxdur. Yaxud fotonun hər hansı bir standartlara cavab verən teoriyaları qorunmur. Burada önəmli olan xəbəri operativ şəkildə çatdırmaqdır. Qaynar xəbər fotoqrafiyasında fotonun foksunun və kompazisiyanın yerində olmaması önəmli deyil. Bunlar ikinci növbədədir, önəmli olan informasiya ötürməkdir. Burada ikinci bir qol, yəni mobilaqrafiya ayrılır. 21-ci əsrdə meydana gələn mobilaqrafiyada insan getdiyi yerdə hər hansı bir hadisə ilə rastlaşaraq, onu telefonla çəkir və yayımlayır. Bu janrda da əsas məsələ görüntünün olmasıdır. Portret janrında isə əsasən işığa, kompazisiyaya və qızıl nöqtəyə ( alın və çənə arasında olan hissə) fikir verilir. Fotoqrafiyanın onurğa sütünü işıqdır. Fotonun uğurlu alınması işığın düzgün qurulmasından asılıdır. Fotoqrafların bu gün ən böyük problemi hava boşluğunu və dərinliyi qorumamaqdır. Məsələn fotoqraflar foto çəkirlər, baxırsan ki hər şey əladır, lakin kadr dirənir və dərinlik yoxdur. Göz elə bir şeydir ki, dərinliyi və axıcılığı daim axtarır. Qaynar xəbər fotoqrafiyası xaricində digər janrlarda çəkilən fotolarda peşəkarlığın olub-olmadığını hiss etmək mümkündür. Lakin bunu foto nəzəriyyəsindən anlayışı olan insan seçə bilər.

– Azərbaycanda foto sənətini inkişaf etdirmək üçün nələr etmək lazımdır?
– Azərbaycanda fotonun bütün janrlarını inkişaf etdirmək üçün, məktəb lazımdır. Bizdə Sovet vaxtı foto məktəbi olub və 1990-cı ildən sonra dağılıb. Vaxtilə Qarabağ müharibəsini dünyaya çatdıran peşəkar fotoqraflarımız olub. Lakin onların bəziləri dünyasını dəyişib, digərləri isə bu sahədən uzaqlaşıb. Əgər onlar məktəb yaratsaydılar, müharibə fotoqrafiyasından bizə çox şey öyrədə bilərdilər. Xaricdə foto sahəsində kifayət qədər peşəkar kurslar olsa da, qiymətlər çox bahadır. Məsələn bir müddət öncə “Anadolu” Xəbər Agentliyi müharibə fotoqrafiyası üzrə kurs təşkil etmişdi. Təsəvvür edin kursun məbləği 8 min dollardan başlayırdı. Təbii ki, belə bahalı kurslarda hər fotoqraf iştirak edə bilmir. Mən demirəm ki, dövlət hər şeyi etməlidir. Lakin ən azından buna maraq göstərilməlidir. Ən azından savadlı fotoqrafların xaricdə təkmilləşdirmə kurslarına cəlb olunmaları üçün müəyyən vəsaitlər ayrılmalıdır. Bu zaman ölkədə foto sənətini inkişaf etdirmək olar. Bizdə bu işə baxan Azərbaycan Fotoqraflar Birliyi (AFB) olsa da, fəaliyyətləri qənaətbəxş deyil. Çernobıl şəhərində olmusuz və çəkiliş edərək Azərbaycanda sərgi keçirmisiz. Az əvvəl də, qaynar nöqtələrdə çəkiliş etməyi xoşladığınızı bildirdiz. Maraqlıdır Orxan Əzim qaynar nöqtələrdən fotoreportajlar hazırlamağı daha çox şöhrət qazanmaq, tanınmaq üçün edir, yoxsa sadəcə öz obyektivi vasitəsi ilə dünyada baş verən cinayətləri çatdırmaq istəyir?.– Bu suala tam səmimi cavab verəcəm. Binəqədidə hündürmərtəbəli binada yanğın baş verən zaman çəkdiyim fotodan sonra məni televiziya kanallarına, saytlara dəvət etməyə başladılar. Amma mən qəbul etmədim. Çünki faciə və kədər üzərində şou qurmaq mənim həyat devizimə aid deyil. Bir işi istədiyim kimi görəndə sanki daxili rahatlıq tapıram. Əks halda isə məhv ola bilərəm. Bu halı həm Çernobıla gedəndə, həm də Binəqədidə yanğın baş verən binada foto çəkəndə yaşamışam. Hər iki hadisəni əks etdirən fotoları çəkəndə bunu reklam xətrinə etməmişəm. Növbəti hədəfim İraqın qaynar nöqtələrində çəkilişlər aparmaqdır. Bunu publika xətrinə etmirəm, sadəcə öz daxili istəyimi həyata keçirməyə və rahatlıq tapmağa çalışıram.

Müsahibələrinizin birində Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə ilə uzaq qohumluq əlaqələriniz olduğunu demisiz. Hətta Səttar Bəhlulzadənin nənənizin rəsmini çəkdiyi və həmin əsərin “Luvr” muzeyində saxlanıldı haqda məlumatlar var. Həmin şəkili görmədiyinizi, lakin araşdıraraq məlumat bölüşəcəyinizi bildirmisiz. Həm bizim üçün, həm də oxucularımız üçün maraqlıdır. Şəkil haqda yeni nə isə öyrənə bilmisiz?– Mən bu məsələ haqda təxminən 1 ilə yaxındır ki öyrənmişəm. Həmin şəkil 3 günə çəkilib və nənənin qucağında çəpiş olub. Nənə 5 yaşında olanda çəkilib. Həmin foto internetdə yoxdur. Əgər yolum nə vaxtsa Fransaya “Luvr” muzeyinə düşsə, şəkilin taleyi ilə mütləq maraqlanacam. Bu gün Səttar Bəhlulzadə nəslindən demək olar ki 2-3 nəfər adam qalıb. Nəsil artıq tükənmək üzrədir və buna görə də şəkil haqqında dolğun məlumat əldə etmək çətindir.

– Foto sənətinin sizə nələri qazandırdığı ortadadır. Bəs bu sənət sizdən nələri alıb?

– Foto məndən hələ ki, heç bir şeyi almayıb. Amma bundan sonra sənətə görə itirəcəklərimi da gözə almışam. Məsələn fikirləşmişəm ki, hansısa qaynar nöqtədə hadisə baş verə bilər. Bu cür hallara psixoloji olaraq özümü hazırlamışam.

Müşviq Tofiqoğlu

Foto: İlkin Əzimov