8 fevral 2017-ci il tarixində, saat 14.30 -da 2 saylı (AMAY) Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I-ci Ümumrespublika açıq foto sərgisi” keçiriləcəkdir.

Sərginin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən dəstəklənən Azərbaycan Könüllü hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələri fotoqrafların obyektivindən ictimaiyyətə nümayiş etdirməkdir.
Foto sərgidə 15 fotoqraf Emin Əlizadə, Elnur Abdulla, Elburus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli, Ayaz Mikayılzadə, Pəri Arifqızı, Suleyman Suleymanlı, Tural Cəfərov, Vüqar İbadov, Elmar Əzimli tərəfindən çəkilmiş 34 fotoşəkil nümayiş etdiriləcəkdir. Könüllü hərəkatına həsr edilmiş fotosərgi və ilk dəfə keçirlən fotosərgidə  ASAN Könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır. Fotosərgidə eyni zamanda Formula 1, Eurovision, Beynəlxalq Bakı Şahmat Olimpiadası, BAKI 2015 İlk Avropa Oyunları könüllülərinin fotoları nümayiş olunacaqdır.
Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən və könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə Dr. Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da təqdimatı keçiriləcək. Bu kitabın satışından əldə edilən gəlir könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına məktub yazan aztəminatlı ailələrin övladlarının məktublarının cavablandırılmasına yönəldiləcək.
Qeyd edək ki, sərgi 2 saylı “ASAN xidmət” mərkəzində 1 ay davam edəcəkdir. Daha sonra isə fotoqrafların könüllülərə həsr etdiyi müvafiq fotolar müxtəlif “ASAN xidmət” mərkəzlərinə hədiyyə olunacaqdır.
Sərgidə iştirak etmiş fotoqraflar “ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan Fotoqrafları Birliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqdır.
Gələcəkdə “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi KİV fotoqraflarının iştirakı ilə könüllülük hərkatına həsr edilmiş daha böyük növbəti fotosərgilərin keçirilməsini planlaşdırılır.
Sərgi bütün vətəndaşlar üçün açıqdır.