Azərbaycan Fotoqrafları Birliyinin 2017-ci ildə fəaliyyətini daha səmərəli etmək məqsədilə İdarə Heyətinin və təsisçilərinin müzakirəsi və razılığı əsasında bir sıra yenilik və dəyişikliklər nəzərdə tutulub. Yeniliklər aşağıdakı fəaliyyət sahələrinə aiddir.

“İlin Fotoqrafı” mükafatlandırma tədbiri

Azərbaycan Fotoqrafları Birliyinin İdarə heyətinin qərarına əsasən 2017-ci ildən etibarən “İlin Fotoqrafı” mükafatlandırma tədbirinin həyata keçirilməsi müstəqil təşkilat komitəsi, nominantların müəyyənləşdirilməsi və seçimi isə müstəqil ekspertlərdən ibarət xüsusi münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Nominasiyalar üzrə qaliblər haqda yekun qərar yalnız tədbir zamanı münsiflər heyəti tərəfindən rəsmi olaraq açıqlanacaq. Nominantların müəyyənləşdirilməsi və qaliblərin seçim prosesində Azərbaycan Fotoqrafları Birliyi iştirak etməyəcəkdir. Təşkilatın idarə heyətinin üzvləri təşkilat komitəsi və münsiflər heyətinin tərkibində təmsil olunmayacaq.  AFB yalnız  “fotoqrafiyada xidmətlərinə” və  “fotoqrafiya sənətinə verdiyi dəstəyə görə”  təşkilat və şəxslərə minnətdarlıq və fəxri diplomların verilməsini öz üzərinə götürür. Tədbirin həyata keçirilməsində Azərbaycan Fotoqrafları Birliyinin rolu yalnız təşkilati məsələlər və mükafatlarla bağlı sponsorlarla işdən ibarət olacaq. “İlin Fotoqrafı” tədbirinin keçirilməsi ilə əlaqədar yaradılacaq müstəqil təşkilat komitəsinə lazımi texniki, təşkilatı və hüquqi köməkliyin göstərilməsini AFB öz öhdəsinə götürür.

“Müstəqil təşkilat komitəsini və münsiflər heyətini Azərbaycan fotoqrafları təyin edir və bu  ilin aprel ayınadək AFB-yə və ictimayətə məlumat verir.  Müstəqil təşkilat komitəsini və münsiflər heyəti qaliblərin seçilmə prosesi və meyarlarını, eləcə də yekun qərarın verilməsi üçün fəaliyyətin monitorinqi yollarını hazırlayıb rəsmi elan etməlidir.

 “Müzakirə klubunun” yaradılması

Azərbaycan Fotoqrafları Birliyi fotoqrafiya sənətində olan mövcud problemlərin müzakirəsi və həlli istiqamətində effektivliyi artırmaq məqsədi ilə “Müzakirə klubunun” yaradılması təşəbbüsünü irəli sürür. 2017-ci ilin fevral ayında yaradılacaq “Müzakirə klubuna” bütün həvəskar və peşəkar fotoqraflar dəvət olunur. Müzakirələrdə istənilən şəxs bu sahəyə aid mövcud problem, onun mümkün həll yollarını və problemi aradan qaldırmaq üçün maliyyə vəsaiti haqda təkliflər paketi təqdim etməklə iştirak edə bilər. Məsələni qaldıran hər bir şəxs sonradan problemin həlli istiqamətində görülən işlərə şəxsən özü rəhbərlik etməlidir. Təşkilatın mövcud imkanları çərçivəsində Azərbaycan Fotoqrafları Birliyi problemin həll olunması istiqamətində zəruri olan texniki, hüquqi və təşkilatı dəstəyin göstərilməsini öz üzərinə götürür. Müzakirələr tədbirdə iştirak edən şəxslər arasından seçilən moderator tərəfindən istiqamətləndiriləcək. “Müzakirə klubunun” keçirilməsi üçün məkan və texniki vasitələr AFB tərəfindən təmin ediləcək.

Azərbaycan Fotoqrafları Birliyi yuxarıda qeyd olunan məsələlərlə bağlı rəy və təkliflərinizi gözləyir.

AFB idarə heyəti adından                     AFB-nin təsisiçisi

Mirnaib Həsənoğlu                                 hüquqi təsiçisi Mirnaib Həsənoğlu

Rauf Umudov                                                  təsisiçi Rəfael Qəmbərov

Fərqanə Qasıml                                              təsisiçi Asim Talıb

Xanım Əliyeva

Pəri Arifqızı