MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Sabir Fondunun əməkdaşı Nurlan Tahirlinin hazırladığı “MEK-in virtual bələdçisi” layihəsini təqdim edib. A.Səfərova “Virtual bələdçi”nin vasitəsilə tədbir iştirakçılarını kitabxana binasının bütün mərtəbələri ilə – oxu zalları və onların istirahət otaqları, sərgi salonu, akademiklər zalı, konfrans zalları, o cümlədən, sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla ətraflı şəkildə tanış edib. A.Səfərova daha sonra M.Ə.Sabirin “Hophopnaməsi”nin nümunəsində “Bir kitabın izi ilə” adlı təqdimatında kitabın MEK-ə daxil olduğu andan, qeydiyyata salınma, MRY bazasına daxil edilmə, saxlanca verilmə anına qədər olan məqamları iştirakçılara təqdim edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə “Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mirzə Ələkbər Sabirin 155 illiyi münasibətilə şairin Mərkəzi Elmi Kitabxanada (MEK) və ev muzeyində olan sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsinin, M.Ə. Sabir Fondu tərəfindən hazırlanmış “MEK-in virtual bələdçisi”nin, o cümlədən MEK-in ictimaiyyətlə əlaqələrinin və hər iki qurumun əməkdaşlığının təqdimatı olub.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxışına MEK-in 2016-cı ildə əldə etdiyi uğurları iştirakçıların diqqətinə çatdırmaqla başlayıb. Vahid İdarəetmə Sistemi hazırlandı və onun tətbiqinə başlanıldı, MRY layihəsi işlək vəziyyətə gətirildi, Vikipediyaya məqalələrin daxil edilməsi üçün AMEA qurumlarına və kənar təşkilatlara sistemli təlimlər keçildi, Azərbaycanda 17 ən qədim kitab aşkarlanaraq mütəxəssislərin ixtiyarına verildi, Qanunvericiliyə, o cümlədən “Nəşriyyat haqqında Qanun”a islahat yönümlü təkliflər verildi, ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edildi.

L.İmanova M.Ə.Sabir Fondu ilə münasibətlərdən söz açaraq uzunmüddətli əməkdaşlıq layihəsinə başlanıldığını deyib. Direktorun sözlərinə görə, əməkdaşlıq çərçivəsində MEK-də Sabirə aid olan və eyni zamanda Sabirin ev muzeyində mühafizə olunan sənədlərin sistemləşdirilməsi, rəqəmsallaşdırılması, e-kataloqa və Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi, Sabirin 155 illiyinin kitabxanada qeyd olunması və s. nəzərdə tutulur: L.İmanova Fondla birgə özəl format təkliflərinin müsabiqəsinin keçirilməsini, unikal nüsxələrdən ibarət sərginin təşkil olunmasını, MEK-in rəqəmsal bələdçilərinin hazırlanmasını planlaşdırdıqlarını deyib. “Göründüyü kimi haqqında söhbət gedən əməkdaşlığın bünövrəsində MRY durur” deyən çıxışçı bugünkü təqdimatların da MEK-in milli yaddaşa aparan rəqəmsal bələdçiləri – virtual bələdçi və elektron kataloq bələdçisi – üzərində qurulduğunu söyləyib. Direktor deyib ki, bələdçilər MEK-i xidmət göstərdiyi cəmiyyətlə və akademik icma ilə əlaqələrin genişlənməsinə aparır.

Daha sonra çıxış edən MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qeyd edib ki, M.Ə. Sabirin 155 illiyi münasibətilə kitabxananın bir sıra işlər görməsi, Fond tərəfindən hazırlanmış “MEK-in virtual bələdçisi”nin və ictimaiyyətlə əlaqələrinin təqdimatının bir yerdə keçirilməsi bir-birinə bağlı olan məqamlardır. M.Göyüşlü MEK-in ictimaiyyətlə əlaqələrindən danışaraq “AMEA Mərkəzi Elmi Kitabxanasının ictimaiyyətlə əlaqələri yeni, aktiv və operativ kommunikasiya məcrasına keçirilmiş, ilk dəfə olaraq bütün sosial media imkanlarından istifadə edilmiş, məlumatın formalaşdırılmasında MEK əməkdaşları ilə yanaşı və bərabər həcmdə akademik icmanın iştirakı təmin olunmuşdur” deyib. Çıxışçı mek.az saytında xəbərlərin operativ şəkildə üç dildə yayımlanmasından, sosial şəbəkələrdə (facebook, youtube, tvitter, instaqram) yerləşdirilməsindən, medianın MEK-ə daim diqqətlə yanaşmasından bəhs edib. O, gələcəkdə media ilə kommunikasiyanı onlayn avtomat rejimə keçirməyə, kitabxana həyatından MEK-in saytına canlı yayımı təşkil etməyi planlaşdırdıqlarını da dilə gətirib.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Sabir Fondunun əməkdaşı  Nurlan Tahirlinin hazırladığı layihəni-“MEK-in virtual bələdçisi”ni təqdim edib. A.Səfərova “Virtual bələdçi”nin vasitəsilə tədbir iştirakçılarını kitabxana binasının bütün mərtəbələri ilə – oxu zalları və onların istirahət otaqları, sərgi salonu, akademiklər zalı, konfrans zalları, o cümlədən, sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla ətraflı şəkildə tanış edib. A.Səfərova daha sonra M.Ə. Sabirin “Hophopnaməsi”nin nümunəsində “Bir kitabın izi ilə” adlı təqdimatında kitabın MEK-ə daxil olduğu andan, qeydiyyata salınma, MRY bazasına daxil edilmə, saxlanca verilmə anına qədər olan məqamları iştirakçılara təqdim edib.

Sonda, çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli kitabxana ilə ilk tanışlığında Fondun MEK-lə harmonik əməkdaşlığının vacib olduğu qənaətinə gəldiyini vurğulayıb. O, M.Ə.Sabirin 155 illiyi ərəfəsində ədibin kitablarının və ona aid olan digər sənədlərin rəqəmsallaşdırılaraq oxuculara hədiyyə edilməsinə diqqət çəkib. S.Tahirli sanballı informasiya yükü daşıyan təqdimata görə hər kəsə təşəkkür edib, bundan sonra da əməkdaşlığı davam etdirəcəklərini deyib.

Dahi Azərbaycan şairi M.Ə.Sabirin 155 illiyi ərəfəsində Mirzə Ələkbər Sabir Fondu  AMEA Mərkəzi Elmi Kitabxanası ilə  birgə fəaliyyətinin nəticəsi kimi Mərkəzi Elmi Kitabxananın “360° virtual bələdçi”si layihəsini yekunlaşdırmışdır. Layihəni Azərbaycan Fotoqrafları Birliyinin üzvü Sabir Fondunun əməkdaşı, iqtisadçı və fotoqraf Nurlan Tahirli həyata keçirmişdir.

2014-cü ildə istifadəyə verilən MEK binasının bütün mərtəbələrində – oxu zalları və onların istirahət otaqları, akademiklər zalı, konfrans zalları, sərgi salonu,  sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla- bir sözlə, kitabxana binasında yer alan 60-a qədər  məkanı özündə birləşdirən bu böyük layihə həcminə görə fotoqrafın ilk böyük panoramik işidir. Bundan əvvəl NurlanTahirli həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə- Avstriya, Almaniya, Hollandiya, Estoniya, Latviya, Türkiyə, Gürcüstanda ticarət mərkəzlərinin, park və meydanların, otellərin, eləcə də təyyarələrin, dünyanının ən baxımlı metrostansiyaları sırasında  ilk beşlikdə yer alan  Nizami metrostansiyasının  və s. 360°  panoramik görüntüsünü hazırlamışdır. Bu görüntülər gənc fotoqrafın 2015-ci ildə Bakıda, 2016-cı ildə Türkiyənin Didim şəhərində keçirilən fərdi sərgilərində nümayiş etdirilmişdir.